01/10/2018 15:58

DSX tərəfindən 220 nəfər axtarışda olan şəxs saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən son günlərdə 3 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçməsinin, 1 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb, o cümlədən 220 nəfər axtarışda olan şəxs saxlanılaraq aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.

Dövlət Sərhəd Xidmətinin mətbauat xidmtindən “AzeriDefence”yə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Moskva reysi ilə uçub gedən Pakistan vətəndaşı 1969-cu il təvəllüdlü İqbal Zahidin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş İspaniyaya məxsus şengen vizasının və daimi yaşayış kartının saxta olduğu müəyyən olunub.

Bundan başqa, “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan Azərbaycana gələn Özbəkistan vətəndaşı 1984-cü il təvəllüdlü Yakubov Müzəffər Muxtaroviçin əl çantasından və üzərindən ümümi çəkisi 115 qram gümüş, 53 qram qızıl olan 23 ədəd zərgərlik məmulatları aşkar olunub.

Həmçinin, Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşları 1993-cü il təvəllüdlü Kandasamy Sreekanthının və 1975-ci il təvəllüdlü Ramasamy Subramaniamın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğu şübhə doğurub və laboratoriya şəraitində yoxlanılaraq təsdiqini tapıb. Baxış zamanı saxlanılan K.Sreekanthının üzərindən ona məxsus olan 1993-cü il təvəllüdlü Ganeshalingam Manojhpirabanın adına Şri-lanka pasportu aşkar olunub. Digər saxlanılan R.Subramaniamın üzərindən isə ona məxsus olan 1980-ci il təvəllüdlü Palaiah Kamalakannanın adına Şri-lanka pasportu aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.