19/09/2018 12:42

DSX tərəfindən əsaslı təmir olunan kənd orta məktəbi istifadəyə verilib

Dövlət Sərhəd Xidməti tərəfindən Xudat sərhəd dəstəsinin xidməti ərazisində yerləşən Yuxarı Tahircal kənd orta məktəbi əsaslı təmir olunaraq məktəblilərin istifadəsinə verilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycanın şimal sərhədləri mühafizə altına götürülərkən heç bir sərhəd infrastrukturu olmayan Qusar rayonunun ərazisində yerli sakinlər sərhədçilərin yardımına gəlmiş, sərhəd zastavalarının yaradılmasında, dövlət sərhədinin mühafizəsinin təşkilində onlara yaxından köməklik göstəriblər.

Bu yaxınlarda Yuxarı Tahircal kəndində ən müasir tələblərə cavab verən yeni sərhəd zastavası tikilib sərhədçilərin istifadəsinə verildikdən sonra vaxtilə yerli sakinlər tərəfindən sərhədçilərin istifadəsinə verilmiş məktəb binası Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir edilərək və yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilib.