29/12/2018 12:21

DSX tərəfindən Qazax rayonunun sərhədyanı məktəblərinə kompyüter və proyektorlar hədiyyə olunub

Dekabr ayının 28-də Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə altına götürülmüş Azərbaycan-Ermənistan dövlət sərhədlərinin Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Quşçu-Ayrım, Məzəm, Cəfərli və Xanlıqlar yaşayış məntəqələrinin orta məktəblərində “Sərhədi xalq qoruyur” mövzusunda tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Tədbirdə çıxış edənlər Azərbaycanın sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından və qazanılmış uğurlardan danışıblar. Prezident İlham Əliyevin qərarına əsasən Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nin Sərhəd Qoşunlarına həvalə olunmasının  şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndiriblər.

Tədbirlərin sonunda Dövlət Sərhəd Xidməti adından Qazax rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən məktəblərə müasir kompyuter, noutbuk və video-proyektor dəstləri hədiyyə olunub.