29/04/2017 13:59

DSX və DGK rəhbərliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkilini yoxlayıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin  (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkili yoxlanılıb.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq irimiqyaslı tədbirlər, o cümlədən “IV İslam Həmrəyliyi Oyunları” və “Formula I” yarışları ərəfəsində, həmçinin “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” prezidenti İlham Əliyevin 20 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilib, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilib.

Gələcəkdə bu kimi tədbirlərin digər dövlət sərhədindən buraxılış məntəqələrində də keçirilməsi nəzərdə tutulub.