25/09/2019 11:03

DSX və DİN əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin ölkə ərazisinə qeyri-qanuni gətirilməsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.