30/03/2018 14:11

DSX və MN-in bir qrup əməkdaşına ingilis dili kursu keçirilib – FOTO

Azərbaycan Dövlət Sərhəd Хidmətinin (DSX) təlim-tədris imkanlarının təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması, xidməti fəaliyyətin müxtəlif sahələri üzrə hərbi qulluqçuların bilik və bacarıqlarının yüksəldilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi üzrə məqsədyönlü tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Хidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, xarici ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdə də tədris prosesinin vacib komponentlərindən olan şəxsi heyətin xarici dil biliklərinin təkmilləşdirilməsi üzrə əhəmiyyətli işlər görülüb.

Son illərdə Birləşmiş Krallığın Bakıdakı səfirliyi ilə həyata keçirilən faydalı əməkdaşlıq çərçivəsində DSX-nin bir qrup əməkdaşı üçün təşkil edilən ingilis dili kurslarının növbəti mərhələsi uğurla yekunlaşıb.

Martın 29-da DSX-nin Akademiyasında Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin ingilis dili kursunu bitirən dinləyicilərin sertifikatlarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Böyük Britaniya səfirliyinin müvəqqəti işlər vəkili Stefen Makkormik, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi general-mayor Elşən Verdiyev və Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Rövşən Kərimov çıxış edərək bu kimi fəaliyyətlərin şəxsi heyətin hazırlığının yüksəldilməsi ilə yanaşı, ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıblar.