29/06/2012 04:07

DSX-yə yeni texniki vasitələr verilib

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Avropa Komissiyasının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən icra edilən “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək” layihəsi çərçivəsində alınmış texniki vasitələrin rəsmi təhvil alınma mərasimi keçirilib. Bu barədə “AzeriDefence” DSX-nin saytına istinadən məlumat yayıb.

2010-cu ilin oktyabr ayında icrasına başlanılmış layihənin əsas məqsədləri sərhədlərin idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi, şəxslərin və yüklərin hərəkətinin asanlaşdırılması və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, sərhədlərin strateji idarəetmə potensialının inkişaf etdirilməsi, inteqrə edilmiş sərhəd idarəçiliyi prosedurları və əməliyyatlarının işlənib hazırlanması, pilot sərhəd nəzarəti məntəqələrinin və əlaqədar bölmələrin avadanlıqlarla təchiz edilməsidir.

Layihənin icrası zamanı Estoniya, Latviya, Litva və Polşanın sərhəd xidmətləri, Çexiyanın Daxili İşlər Nazirliyi, Fransanın Beynəlxalq Texniki Polis Əməkdaşlığı Direktoratlığı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) ekspertlərinin iştirakı ilə rəsmiləşdirmə və nəzarət prosedurları, nəzarət orqanlarının qurumdaxili, qurumlararası və beynəlxalq əməkdaşlığının gücləndirilməsi, təlim-tədris prosesinin və təlim metodikasının yaxşılaşdırılması və digər mövzular üzrə treninqlər təşkil olunub. DSX-nin normativ-hüquqi bazasının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülüb. Ötən müddət ərzində layihə çərçivəsində Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən 23 tədbirdə Dövlət Sərhəd Xidmətinin 55 əməkdaşı iştirak edib.

Tədbir zamanı DSX-nin texniki imkanlarının təkmilləşdirilməsi üçün əldə olunmuş gecə və gündüz dövlət sərhədinin müşahidəsinin aparılmasına imkan verən Səyyar Elektron-Optik Müşahidə Kompleksi, gecəgörmə cihazları, termal kameralar və durbinlər, yüksək keçid qabiliyyətlərinə malik olan kvadrasikllər, sənədlərin yoxlanışı üçün stasionar və daşınan cihazlar, pasportların elektron məlumat bazası, nəqliyyat vasitələrinin yoxlanışı üçün optik endoskop, infromasiya texnologiyaları avadanlığı və s. təhvil alınıb.