08/02/2019 21:27

DTX-nin hərbi hissəsində gənc əsgərlər and içib

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.

Bu barədə “AzeriDefence” Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat mərkəzinə istinadən məlumat verib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə gül dəstələri qoyublar.

Döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içiblər.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edən general-polkovnik Mədət Quliyev, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında tribuna önündən keçiblər. Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev əsgər valideynləri ilə görüşərək, onları bu əlamətdar gün münasibətilə təbrik edib. Valideynlər hərbi xidmət üçün yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, övladlarına Vətənin müdafiəsində daim ayıq-sayıq dayanmağı və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.

General-polkovnik Mədət Quliyev hərbi hissədə xidmətin nümunəvi və səmərəli təşkili, o cümlədən hərbi-texniki və döyüş sahəsində müasir nailiyyətlərin nəticələrinin mənimsənilməsi, ümumən əsgərlərin bilik və vərdişlərinin, fiziki hazırlıqlarının daha da yüksəldilməsi istiqamətində görülən işlərlə tanış olub, tövsiyə və tapşırıqlarını verib.