08/11/2013 12:35

“Dubai Airshow-2013”də 150 təyyarə yer alacaq

Noyabrın 17-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək “Dubai Airshow-2013” aviasiya şousu və sərgisində bəziləri Yaxın Şərqdə ilk dəfə olmaqla 150 təyyarə yer alacaq. Bu barədə “AzeriDefence”yə aviaşounun təşkilat komitəsindən məlumat verilib.

Sərgi və aviaşouda 1000-dən artıq iştirakçı və 60 mindən artıq ziyarətçinin iştirakı gözlənilir.

Sərgi və aviaşou günlərində Eurofighter “Typhoon”, Boeing F/A-18 “Super Hornet”, həmçinin Körfəz regionunda ilk dəfə A-400M təyyarələri uçuşlar yerinə yetirəcəklər.

Statik parkda isə Bell/Boeing V-22 “Tilt Rotor”, Qatar Airways şirkətinə məxsus B787-8 “Dreamliner”, Emirates şirkətinə məxsus A-380, habelə CH-47F “Chinook” helikopteri yer alacaq.

Statik bölmədə ADCOM şirkətinin istehsalı olan “United-40” və ADASI şirkətinin istehsalı olan “Aerostat 200” pilotsuz uçuş aparatları, Bombardier, Embraer, Gulfstream və Dassault Aviation şirkətlərinin istehsalı olan 50-dən artıq biznes təyyarələr nümayiş olunacaq.