12/11/2017 17:01

“Dubai Airshow-2017”: AZAL “Rockwell Collins” şirkətindən “MultiScan” hava radarı və təyyarə daxili əyləncə sistemi alır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ABŞ-ın “Rockwell Collins” şirkəti ilə “MultiScan ™ ThreatTrack” hava radarı və təyyarə daxili əyləncə sistemləri də daxil olmaqla müasir avionik sistemlərin satın alınmasına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə “Dubai Airshow-2017” aviaşousunda içtirak edən “Rockwell Collins” şirkətindən məlumat verilib.

İstehsalçı şirkət tərəfindən sistemlərin tədarükü bu ilin sonuna qədər başlanacaq. Müqavilə çərçivəsində 10 ədəd “Boeing 737 MAX” təyyarəsinin təchiz edilməsi nəzərdə tutulur.

Təyyarə içi əyləncə sistemi “Rockwell Collins”in “CabinConnect” naqilsiz uçuş əlaqəsi sisteminə qoşulacaq. Sistem “İnmarsat Global Xpress (GX)” peyk şəbəkəsindən istifadə edəcəkdir.

“Yeni qoşulma xidməti AZAL sərnişinlərinə internetdən, müxtəlif ani mesajlaşma proqramlarından, sosial şəbəkələrdən istifadə etməyə, fərdi kompüterlər, planşetlər və smartfonlardan istifadəyə imkan yaradacaq” “Rockwell Collins” şirkətinin nümayəndəsi Mayk DiCorc (Mike DiGeorge) bildirib.

AZAL tərəfindən seçilmiş qabaqcıl aviyoniklər arasında yer alan “Rockwell Collins” “MultiScan ThreatTrack” hava radarı uçuşun bütün mərhələlərində hava təhlükələrini aşkar etmək üçün qabaqcıl texnologiyanı təmin edir.