21/04/2017 13:25

Dünyada ən çox məcburi hərbi xidmət bu ölkədədir – 10 il

Dünya tarixində məcburi hərbi xidmət ilk olaraq qədim Misirdə tətbiq edilib. Hazırda dünyanın bir çox ölkələrində məcburi hərbi xidmət mövcuddur. Lakin həqiqi hərbi xidməti keçmə müddəti dövlətlərdən aslı olaraq fərqlidir.

“AzeriDefence” dünyada və regionumuzdakı dövlətlərdə məcburi hərbi xidmət müddətlərini təqdim edir.

Avropada da hərbi xidmət keçmə müddəti fərqlidir. Almaniyada məcburi hərbi xidmətə cəlb etmə İkinci Dünya müharibəsi dövründə başlanıb. Hazırda bu ölkədə əsgərlik müddəti 6 aydır. Bundesvehr əsasən müqaviləli heyətlə komplektləşdirilir.

Avstriyada da həqiqi hərbi xidmət müddəti 6 aydır.

Finlandiyada xidmət müddəti rütbəyə görə 180, 260 və ya 362 gün olaraq müəyyənləşdirilib. Böyük əksəriyyət 180 günlük xidmət keçir.

2009-cu ildən Yunanıstanda kişilər üçün 9 ay məcburi əsgərlik tətbiq edilir.

Bolqarıstanda xidmət müddəti 9 aydır, ancaq universitet məzunları üçün 6 aylıq xidmət imkanı da yaradılıb.

Polşada hərbi xidmət müddəti 10 ay müəyyənləşdirilib. Universitet məzunları isə 3 ay əsgərlik çəkirlər.

Norveçdə əsgərlik müddəti 12 aydır.

Gürcüstanda məcburi hərbi xidmət keçmə müddəti 12 aydır.

Türkiyədə vətəndaşlar 15 ay həqiqi hərbi xidmət keçir.

Rusiyada ali təhsillilər 12 ay, digərləri isə 18 ay əsgərlik çəkirlər.

İranda həqiqi hərbi xidmət öhdəçiliyi 18 aydır.

Ermənistanda həqiqi hərbi xidmət müddəti 2 ildir.

İsraildə əsgərlik xidməti qadınlar üçün 2, kişilər üçün 3 ildir.

Dünyada ən böyük səfərbərlik resursuna malik Çində məcburi xidmət müddəti Quru Qoşunlarında 3, Hərbi Dəniz Qüvvələrində və Hərbi Hava Qüvvələrində isə 4 ildir.

Cənubi Koreyada Quru Qoşunlarında xidmət müddəti 26, HDQ-də 30 aydır.

Məcburi hərbi xidməti ilk dəfə tətbiq edən Misirdə xidmət müddəti 12 aydan 36 ayadək, Vyetnamda Quru Qoşunlarında 24 ay, HDQ və HHQ-də 36 aydır.

Dünyada hazırda ən uzun hərbi xidmət müddəti Şimali Koreyadadır. Bu ölkədə hərbi xidmətə 10 yaşdan cəlb olunurlar. Şimali Koreyada hərbi xidmət keçmə müddəti Quru Qoşuları 5-12 il, Hava Hücumundan Müdafiə 3-4 il, Hərbi Dəniz Qüvvələri 5-10 il təşkil edir.

Ən maraqlı məcburi hərbi xidmətə çağırış sistemi Bermudadadır. Bu ölkədə vətəndaşlar həqiqi hərbi xidmətət loteraya vasitəsi ilə çağırılırlar. Xidmət müddəti isə 38 aydır. Çağırışçılar orduda yalnız həftənin iş günlərində olur.