12/02/2013 11:38

Dünyanın iki zirehli maşın istehsalçısı deFNder distans döyüş modulunu seçdi

Dünyanın iki əsas zirehli maşın istehsalçısı – Kanadanın Streit və Fransanın Renault Trucks Defense şirkəti öz texnikalarını FN Herstal şirkətinin deFNder adlı distans döyüş modulu ilə silahlandıracaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə FN Herstal şirkətinin press-relizində bildirilib.

Bu döyüş modulunun qurulduğu maşınlar ilk dəfə fevralın 17-dən 21-dək BƏƏ-nin paytaxtı Abu Dabi şəhərində keçiriləcək IDEX-2013 hərbi sərgisində təqdim olunacaq.

Renault Trucks Defense özünün “Sherpa SW” adlı maşınında 7,62×51 mm çaplı FN MAG pulemyotu ilə silahlandırılmış deFNder®Light, Streit isə “Scorpion” adlı zirehli avtomobilində .50 çaplı FN M3R™ pulemyotu ilə silahlandırılmış deFNder®Medium modulunu nümayiş etdirəcək.

DeFNder® döyüş modulları yüngül və ya orta variantlarda təklif edilir. Bu döyüş modulları şəhər şəraitində döyüşlər və qeyri-müntəzəm silahlı konfliktlər üçün nəzərdə tutulur. Açıq arxitekturaya malik distans modullar üzərində FN Herstal şirkətinin istehsalı olan silahların geniş çeşidini qurmaq mümkündür.