01/12/2017 21:02

Əfqanıstan prezidenti: Azərbaycan hərbçiləri mübarizdirlər, şərəflə xidmət edirlər

Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır.

“AzeriDefence”nin məlumatına görə, bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

“Mən Çikaqoda keçirilmiş NATO konfransındakı çıxışınızı xatırlayıram. Həmin vaxt Siz ilk dəfə olaraq “Şimal dəhlizi” və böyük sərmayələr proqramını qeyd etdiniz. Cənab Prezident, Sizin gördüyünüz işlər, sadəcə desək, NATO-nun missiyasını mümkün etdi.

Bakı əməliyyatları ən sürətlə icra edən məkan nüfuzunu qazandı. NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər. Heç kəsin heç bir problemi olmadı. İndi isə həmin dəhliz müdrik rəhbərliyiniz və göstərişlərinizlə bir tərəfdən Lapis-Lazuli yoluna, digər tərəfdən isə multimodal daşımalar sisteminə çevrilir. Onun sayəsində biz Avropaya, Sizin ölkəyə və əksinə çıxış əldə edirik. Bu, uzaqgörənliyin və müdrikliyin, rəhbərlik keyfiyyətlərinin, olduqca böyük diqqətin bariz nümunəsidir. Siz bu keyfiyyətlərlə tanınırsınız və biz onların sayəsində nəticə qazanırıq”, – deyə Əfqanıstan prezidenti vurğulayıb.

Prezident Məhəmməd Əşrəf Qəni bildirib ki, Əfqanıstan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcək: “Dəstək verməyə hər zaman hazırıq. Biz hərbi qulluqçularınızın sayının artırılması ilə əlaqədar bu yaxınlarda Brüsseldə bəyan etdiyiniz qərarı çox yüksək qiymətləndiririk. Hərbçiləriniz mübarizdirlər, şərəflə xidmət edirlər. Bu, bizim üçün böyük şərəfdir”.