27/02/2018 10:57

“Əjdər Yalçın” TTZA-nın insansız konfiqurasiyası testləri keçdi – VİDEO

Türkiyənin “Nurol Makina” şirkəti “Əjdər Yalçın” zirrehli maşının insansız konfiqurasiyasını hazırlayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Nurol Makina” şirkəti özünün sosial media hesabında məlumat yayıb.

Məlumatda insansız “Əjdər Yalçın”ın testləri uğurla tamamladığı qeyd edilib.

İnsansız “Əjdər Yalçın”ın ilk olaraq Afrin bölgəsində əməliyyatarda istifadə ediləcəyi bildirilir.

4×4 təkər formuluna malik “Əjdər Yalçın”ın mina, ballistik mühafizə və əldəqayırma partlayıcılara qarşı qoruma səviyyəsi dünyada tanınan təşkilatlar tərəfindən test edilərək sertifikatlandırılıb. “Əjdər Yalçın”ın önəmli üstünlüklərində biri də 360 dərəcədə gələn təhdidlərə qarşı qorumanı təmin etməsidir. Sürücü və komandir daxil 11 nəfəri daşıya bilən “Əjdər Yalçın”ın döyüş ağırlığı 14 ton, faydalı yükü 4 tondur.

375 at gücündə mühərriklə təchiz olunmuş maşının gediş ehtiyyatı 700 km təşkil edir. 7.75 metr radiusda dönən zirehli maşın 60 % bucaq altında maili yüksəkliyə qalxır, 30 % bucaq altında isə yana maili ərazidə hərəkət edir, 1.1 metr enində xəndəkləri, 0.5 metr hündürlükdə dik maneələri, 1.1 metr dərinlikdə su maneələrini dəf etməyi bacarır.

“Əjdər Yalçın” zirehli döyüş, komanda-nəzarət, ambulans, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur.