15/03/2017 12:12

“Əjdər Yalçın”ın ilk ixracat müqaviləsi imzalanıb

Türkiyənin “Nurol Makina ve Sanayi” şirkəti Şimali Afrikanın adı açıqlanmayan ölkəsinin Müdafiə Nazirliyi ilə “Əjdər Yalçın” zirehli taktik maşınların ilk ixracat müqaviləsini imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, şirkətin yaydığı xəbərdə seçim öncəsi “Əjdər Yalxın” 4×4 TTZA həmin ölkədə çöl şəraitində çətin testlərdən keçdiyi bildirilir.

“Nurol Makina ve Sanayi” şirkətinin baş direktoru Engin Akyol qeyd edib ki, bu “Əjdər Yalçın”ın ilk xarici ixracatıdır.

“Türkiyə daxilində özünü təsdiq etmiş “Əjdər Yalçın” bundan sonra xaricdə də önəmli missiyalarda istifadə olunacaq”, – deyə Akyol vurğulayıb.

Yüksək qoruma səviyyəsi ilə fərqlənən “Əjdər Yalçın” “Nurol Makina” mühəndisləri tərəfindən dizayn edilib. Türkiyədə ilk olaraq partlayıcı və dözümlülük testlərində beynəlxalq akkreditasiyaya sahib şirkət tərəfindən test olunaraq sertifikatlandırılıb. Maşının üzərinə fərqli faydalı yüklər inteqrasiya edilə bilər. “Əjdər Yalçın” zirehli döyüş, komanda-nəzarət, ambulans, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur.