12/10/2012 09:08

“Ekin” şirkətindən yeni nəzarət sistemi

Şəhər təhlükəsizlik sistemləri sahəsində regionun aparıcı şirkətlərindən olan “Ekin Technology” MOBESE-yə inteqrasiya edilmiş Ortalama Sürət Sistemini hazırlayıb. “AzeriDefence”nin şirkətin saytına istinadən verdiyi məlumata görə, yeni sistem iki nöqtə arasında nəqliyyat vasitəsinin sürətini müəyyənləşdirməyə imkan verəcək.

Şirkətin məlumatında qeyd olunub ki, hərəkətə nəzarəti təmin edən standart radar tətbiqi ilə sürücülərin sadəcə müəyyən nöqtələrdə sürətə diqqət etdiyi müəyyənləşib. Yeni sistem nəqliyyatda qəzaların minimuma enməsinə kömək edəcək.

TraffiSec Pladef sisteminə bağlı olaraq fəaliyyət göstərəcək Ortalama Sürət Sistemi nəqliyyat vasitəsini ilk və ikinci nöqtədən keçmə zamanı qeydə alır. İki nöqtə arasında keçmə zamanı və məsafə istifadə edilməklə ortalama sürəti tapılır. İki nöqtə arasındakı ortalama sürət limiti bazaya daxil edilir. Hesablanan sürət müəyyən olunmuş sürət limitindən yüksək olduqda həmin nəqliyyat vasitəsi təhlükəli avtomobillər siyahısına daxil edilir.

Qeyd edək ki, baş ofisi İstanbulda yerləşən “Ekin Technology” şirkəti Türkiyə, Azərbaycan və bir sıra digər ölkələrdə fəaliyyət göstərir. Şirkət Bakı və Sumqayıt şəhərlərində Şəhər Təhlükəsizlik Sisteminin, eləcə də Bakı Metropolitenində nəzarət-izləmə sisteminin qurulmasında iştirak edir.