15/08/2017 17:19

Ekspert: Azərbaycan və İsrail arasında hərbi əməkdaşlığa zərbə vurmaq istəyirlər

 “Aeronautics” şirkəti Azərbaycanla 10 ildən çoxdur əməkdaşlığa malikdir və ciddi imici ilə tanınır

Son zamanlar bəzi xarici internet resurslarda İsrail və Azərbaycanın hərbi əməkdaşlığa qarşı yönəlmiş xəbərlər yayılır. Burada məqsəd Azərbaycanla hərbi sahədə aktiv əməkdaşlıq edən şirkətləri nüfuzdan salmaq, birgə layihələrin icrasına maneə yaratmaqdır.

“AzeriDefence” xəbər verir ki, bu barədə Vesti.az saytına açıqlamasında bu günlərdə internet saytlarda İsrailli mütəxəssislərin “Zərbə” kamikadze pilotsuz uçuş aparatlarını (PUA) idarə etməməsi və Azərbaycanda testlərdə guya müəyyən problemlər yaranması barədə xəbərlərə münasibət bildirən hərbi ekspert, “Azeri Defence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib.

R.Süleymanovun sözlərinə görə, son zamanlar xüsusilə İsrail mediasında hansısa qüvvələrin təsiri ilə ortaya atılan, iki ölkə arasında münasibətlərə xələl gətirən yazılara tez-tez rast gəlmək mümkündür. Burada üçüncü tərəflərin “barmağı” açıq hiss olunur: “Azərbaycan son 10 ildə İsrailə 5 milyard dollara yaxın hərbi sifarişlər verib. Azərbaycan Ordusunun təchizatında İsrail ikinci yerdə dayanır. Son bir ildə nəzər salsaq İsrailin Azərbaycana müxtəlif növ taktiki PUA-lar, “Barak-8”, “Dəmir günbəz” zenit raket kompleksi kimi müasir hava hücumundan müdafiə sistemləri satdığının şahidi olmuşuq. Görünən odur ki, bu kimi müasir texnologiyaların Azərbaycana transferi hansısa qüvvələrə sərf eləmir. Bu tip xəbərlərin dövriyyəyə atılmasının arxasında Azərbaycana analoji sistemləri satmaq istəyən digər hərbi şirkətlərin varlığı da istisna deyil”.

R.Süleymanovun sözlərinə görə, xəbərdə adı keçən “Aeronautics Defense Systems” şirkəti İsrailin özəl sektorda PUA istehsalı üzrə ixtisaslaşmış ən böyük şirkətidir. Eyni zamanda dünyanın aparıcı PUA istehsalçılarındandır. Adıçəkilən şirkət Azərbaycanla 10 ildən çoxdur əməkdaşlığa malikdir və ciddi imici ilə tanınır. 2011-ci ilin fevral ayından Azərbaycan MSN-in “Aeronautics”lə birgə qurduğu “Azad Systems” müəssisəsi Azərbaycanda mini, taktik və ötən ildən kamikadze PUA-ların istehsalını həyata keçirir.

“Bu PUA-lar həm 2016-cı ilin aprel döyüşlərindən əvvəl, həm döyüşlər zamanı, həm də sonra, cəbhədə və ordumuzun təlimlərində istifadə olunub. PUA operatorlarımız və istehsal müəssisəsində çalışan azərbaycanlı heyət kifayət qədər bu və digər PUA-ların istifadəsi, təmir və baxımı üzrə peşəkardırlar. Azərbaycan mütəxəssislərinin təklifi ilə PUA-lar üzərində modernləşmə işləri aparılıb və imkanları genişləndirilib. Yazıda söhbət gedən “Zərbə” kamikadze PUA dizayn, iş-idarəetmə prinsipi baxımdan “Orbiter”lə eynidir. Fərqləndirən cəhət isə əlavə döyüş başlığının olmasıdır. “Orbiter”i idarə edən heyətin bu cihazları rahat idarə edir. Bu baxımdan üçüncü şəxslərin adıçəkilən guya adıçıkilən PUA-nı atış zamanı idarı eləməkdən imtinası dezinformasiyadan başqa bir şey deyil. İsrail mütəxəssislərini bu prosesə cəlbinə ehtiyac da yoxdur. Çünki bizim milli operatorlar bu cihazları on ildən çoxdur peşəkarlıqla istifadə edir. İsrail mütəxəssislərinin hansısa əməliyyata cəlbinə ehtiyac yoxdur”.

Ekspert qeyd edib ki, PUA-nın ilk testləri ötən il keçirilib və 2016-cı ilin sentyabr ayında istehsal xəttinin açılışı zamanı prezident İlham Əliyevə testlərin nəticələri nümayiş etdirilib. Cəbhədə real testlər də öz mütəxəssislərimiz, hərbçilərimiz tərəfindən gerçəkləşdirilib və düşmənə təsirli zərbə endirilib.

““Orbiter” PUA-lar bir sıra unikal imkanlara malikdir. Bu PUA-ların mühərriki, elektro-optik yükü, naviqasiya və bəzi servo hissələri istisna olunmaqla füzelyajı, proqram təminatı Azərbaycan hərbçilərinin iştirakı ilə hazırlanır. Ona görə Israil şirkətinin guya proqramı Azərbaycana verməməsi barədə deyilənlər də cəfəngiyatdan başqa bir şey deyil. Nazir Yavər Camalov bu yaxınlarda bizimlə söhbətində “Zərbə” kamikadze PUA vasitəsi ilə tank və zirehli texnikaları vurmaq üşün kumulyativ döyüş başlığının hazırlandığını da bildirdi”, – deyə ekspert qeyd edib.