19/10/2017 20:15

Ekspertlər: Naxçıvandakı hərbi parad güc nümayişidir

T-300 "Qasırğa" raket kompleksi. Atış məsafəsi 130 km

Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub və Əlahiddə Ümumqoşun Ordunun hərbi paradı keçirilib. Naxçıvanda keçirilən hərbi paradla bağlı ekspertlər fikirlərini “AzeriDefence”yə danışıblar.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Cəlil Xəlilov hesab edir ki, Orduda olan psixoloji durumları, texniki imkanları göstərməklə bir daha Azərbaycan Ordusunun hər an işğal olunmuş öz torpaqlarının azad etməyə hazır olduğunu nümayiş etdirir.

“Biz sərhəddə təlimlər keçəndə görürdük ki, bəzi dövlətlər bunu təzyiq kimi qəbul edirdilər. Amma bizim heç bir xarici dövlətə ərazi və ya müharibə etmək iddiamız yoxdur. Lakin öz torpaqlarımızın müdafiəsində dayanmağı, müstəqilliyimizi qorumağı və onun möhkəmləndirilməsi üçün çalışırıq. Azərbaycan xalqı Ordumuzun hərbi-texniki imkanların görəndə, daha fəxrlə öz əsgərlərini sevirlər və Ordu haqqında onlarda yüksək fikir formalaşır”, – deyə hərbi ekspert vurğulayıb.

C.Xəlilov bildirib ki, hərbi paradlar bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da bayramlarda nümayiş etdirilir: “Bu bir sevindirici haldır. Hərbi paradlar tez-tez keçirilməlidir ki, Azərbaycan xalqı öz ordusu haqqında geniş məlumata malik olsun. Həm də bu gənclərin hərbi vətənpərvərliyinə də müsbət təsir edən amildir. O formada zabit, əsgərlərimizi, hərbi-texniki vasitələrimizi görəndə yüzlərlə bizim orta məktəbdə oxuyan uşaqlar da həvəs və şərəflə zabit olmağa çalışacaqlar”.

Naxçıvanda keçirilən hərbi paradda nümayiş olunan texnikalar bu gün Əlahiddə Ümumqoşun Ordusunun istifadəsində olan texnikalardır deyən C.Xəlilov bəyan edib ki, bununla Azərbaycan Ordusu istifadəsində olan müasir silah və texnikaların az bir hissəsini nümayiş etdirdi: “Bu İrəvanın 60-70 kilometrliyindən düşmənə verilən mesaj idi. Həmçinin xarici dövlətlər də Azərbaycan Silahlı Qüvvələrinin gücünü, nizami ordusnu, hərbi texnikasını gördü”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib ki, Azərbaycan Ordusu Naxçıvanda paradda göstərdiyi silahları işə salarsa, Naxçıvandan Ermənistanın dərinliklərindəki istənilən hərbi obyektini nöqtə atışı ilə vura bilər.

“Hərbi paradda nümayiş olunan texnikalar bu gün Əlahiddə Ümumqoşun Ordunun istifadəsində olan silah arsenalının az bir hissəsini təşkil edir. Muxtar respublikada Azərbaycanın çox silahları gizli saxlanılır. Mən özüm də Naxçıvanda zabit kimi xidmətdə olmuşam. Bu yaxınlarda da orda oldum. Xüsusilə son 2-3 il ərzində Naxçıvan Muxtar Respublikasında müxtəlif hərbi təyinatlı obyektlər istifadəyə verilib, müasir silah və hərbi texnikalar alınıb”, – deyə hərbi ekspert vurğulayıb.

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatının möhkəmləndirildiyini deyən X.Baxışov şəxsi heyətin döyüş qabiliyyətinin, mənəvi-psixoloji hazırlığının da artırıldığını bildirib: “Oktyabrın 18-də Əlahiddə Ümumqoşun Ordusunun yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsini də bu işlərin davamı kimi qiymətləndirmək olar. Bu gün demək olar ki, muxtar respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Hərbi paradda müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları nümayiş olundu. Bir daha şahidi olduq ki, bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Hesab edirəm ki, Naxçıvandakı hərbi parad güc nümayişidir”.