20/08/2016 14:49

Ekstremal jurnalistlər üçün təlim yekunlaşdı – FOTOLAR

Təlim layihəsinin rəhbəri: “Jurnalistlərlə yenidən daha ciddi təlimlər keçiriləcək”

Azərbaycanda “Ekstremal jurnalistlərə təcrübə poliqonu təlimlərinin öyrədilməsi” layihəsi çərçivəsində bir qrup jurnalistin iştirakı ilə təlim keçirilib.

“AzeriDefence”nin məlumatına görə, “Dinc Dünya” Araşdırma Mərkəzi tərəfindən keçirilən layihə Azərbaycan prezidentinin 24 sentyabr 2014-cü ldə imzaladığı cəbhəyanı zonada bəzi təhlükəsizlik tədbirləri barədə sərəncama əsasən həyata keçirilib.

Azərbaycanda kütləvi informasiya vasitələri üçün ilk dəfə təşkil olunan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Müdafiə Nazirliyi tərəfindən dəstəklənən sözügedən təlimlərdə məqsəd təhlükəli vəziyyətlərdən (döyüş yerindən, cəbhədən, terrordan) media materialı hazırlamağın hüquqi-təcrübi-psixoloji normativlərini təlim etmək, yəni cəbhə xəbərlərini yayan jurnalistlərə davranış peşəkarlığını öyrətmək və bununla da ölkə jurnalistikasında ekstremal jurnalistikanın qaydalar bazasını yaratmaqdır.

Təlimlər Dağlıq Qarabağın relyefinə uyğun planlaşdırılıb və Müdafiə Nazirliyinin bazasında zabit-mütəxəssis heyəti ilə birgə iki mərhələdə – iyulun 24-31 və avqustun 7-14 tarixlərində keçirilib.

Təlimə hərbi sahədən yazan 40 jurnalist iştirak edib. Cəbhəyanı bölgələrdə keçirilən təlimlərdə jurnalistlər iki dəstəyə bölünərək 6 gün təlim alıblar. Buna qədər təlim iştirakçıları hərbi xidmətin qaydaları ilə tanış ediliblər.

Təlimin ilk günü iştirakçılar yay poliqonunda döyüş imitasiyası şəraitində peşə fəaliyyətinini yerinə yetiriblər. Bu zaman jurnalistlərə hansı mövqedə dayanması və müşahidə aparması öyrədilib. Həmçinin döyüş prosesini izləmə, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən özünü qoruma, döyüşçülərlə ünsiyyət qaydalarını öyrənmə, savaşın prinsiplərini anlama, məlumat alma və toplama bilgilərini öyrənmə təlim edilib.

Hərbi jurnalistlərə təhlükə zonasında zirehli texnikadan yararlanma tələbləri, ümumqoşun təlimində hərəkətdə olan zirehli texnikanın altında uzanma, üstündə oturma, içindən-üstündən çəkiliş etmək, döyüş vaxtı texnikadan yararlanmanın qaydaları, bu prosesdən reportaj hazırlama qaydaları və səriştəsi mənimsənilib. Bununla yanaşı yaralanarkən, xəstələnərkən vəziyyətdən çıxma, xilasolma tədbirləri göstərilib. Sonra, jurnalistlərə silahları tanıma məşqləri keçirilib və təlim alanlar silahdan atəş açıblar.

Uzaq vuran ağır artilleriya qurğuları ilə tanış olan hərbi sahədən yazan jurnalistlər biliklərini təkmilləşdiriblər. Bundan başqa təlimalanlara ön səngərə fərqli relyeflərdə getmə qaydaları, səngərəqədərki yollarda rastlaşıla bilən maneələrdən keçmə üsulları, ətrafın müşahidəsi üçün mövqe seçilməsi tələbləri öyrədilib.

Ön səngərdə haqqında informasiya verilməli və ya verilməməli olan qurğunun, ərazinin topoqrafik elementlərini ərazidən keçilmə imkanı, ərazinin qoruyucu, müşahidə şəraiti, maskalayıcı vasitələri, mühəndis təchizatı şəraiti, ilin fəsillərinə görə ərazinin taktiki xüsusiyyətləri, məsafədən müşahidə və s. üsulla ölçülməsi, gözəyarı məsafə təyinində tətbiq olunan üsulları, səsin yayılma sürətinə görə məsafələrin təyini, dinləmə yolu ilə məsafənin müəyyənləşdirilməsi öyrədilib.

Bununla yanaşı jurnalistlərə səngərdə davranma, fortifikasiya qurğularından istifadə, döyüşçülərlə qarşılıqlı münasibətlərin tənzimlənməsi mövzusunda təlimlər keçirilib.

Hərbi obyektdə jurnalistlərin qarşılaşa biləcəkləri problemlərdən qoruma, gərəkən informasiyanı vermə, jurnalistlərlə zabitlərin qarşılıqlı münasibətlərinin tənzimlənməsi, informasiya siyasətinin aparılmasının, hərbi sirrin qorunması tələblərinin, informasiya verməkdə səriştəli olmaq öyrədilib. Jurnalistlərin hərbi obyektdən alması gərəkən informasiyanı zabitdən necə əldə etmə bacarıqları tədris olunub.

Təlimlərdə jurnalistlərə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün də əsas prinsiplər anlatılıb.

İştirakçılara minadan qorunma təlim bazasında minalanmış sahədə davranma qaydaları da təlim edilib. Daha sonra, jurnalistlərə cəbhə bölgəsində yaşayan əhalidən xəbərin alınma və dəqiqləşdirmə metodları, informasiyanın alınmasının qanuni tənzimlənməsi tələbləri, ön səngərdə baş verənlərlə əhali arasında yayılan xəbərin tutuşdurulması, əhalidən alınan xəbərin doğruluğuna etibar edilmə bilgiləri də öyrədilib.

Təlimlər çərçivəsində jurnalistlər düşmən mövqelərini müşahidə edib. Çöl şəraitində məkanın qurulmasını, düşmənlə qarşılaşanda davranış qaydaları, ac qalarkən təbiətdən qidalanma imkanları, meşə şəraitində kompasla işləmək, hadisə yerinə azimutla getmək, qoyulmuş nöqtələri tapmaq da jurnalistlərə təlim edilib. Bundan başqa, helekopterdən və yüksək qayalıqdan kəndirlə necə düşmək, eyni zamanda təbiət maneələrini necə dəf etmək nümayiş olunub.

“Dinc Dünya” Araşdırma Mərkəzinin İdarə Heyətinin sədri Əlisafa Mehdiyev “AzeriDefence”yə verdiyi açıqlamada bildirib ki, təmsil etdiyi qurum adıçəkilən layihə çərçivəsində jurnalistlərə hadisə yerindən doğru informasiya almaq vərdişlərini öyrədir:

“Azərbaycanda hərbi və ekstremal situasiyalardan anlayışı olan jurnalistlər yetişdirilməsi lazım olduğundan ötən il auditoriya təlimlərinə başlanılıb. Bu il isə döyüş şəraitinə bənzər məkanda təlimlərin keçirilməsi zərurəti yaranıb”.

Ə. Mehdiyev bildirib ki, qoyulan mövzuların nümayişinin 40 faizinə nail olunub: “Müşahidə olundu ki, bu sahədən yazanların xeyli faizi tənbəldir. Bunlar situasiyanı geniş şəkildə şərh etmək qabliyyətində deyillər. Vəziyyəti şərh etmək üçün bütün kompanentləri bilmək lazımdır. Təlimlərə cəlb olunan jurnalistlərin arasında elələrinə rast gəldim ki, hərb rütbələri belə tanımır. Bu situasiyada həmin jurnalistlərə ibtidai səviyyədə təlimin keçirilməsi böyük uğurdur. Onu da bildirmək istəyirəm ki, jurnalistlərin yarısı təlimlər zamanı peşə vərdişinə uyğun olaraq özlərini sərbəst aparırdılar. Hərbi rejimə, təlimə şüurlu olaraq uyğunlaşmaq istəmirdilər.

Ə. Mehdiyev deyib ki, növbəti mərhələdə ibtidai hissəni keçmiş jurnalistlərlə yenidən daha ciddi şəkildə təlimlər keçiriləcək.

Qeyd edək ki, sentyabrın 2-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təlim alanların yaradıcılıq məhsullarının qiymətləndirilməsi, sentyabrın 17-də isə yekun toplantısı, diplom təqdimatı planlaşdırılıb.

13920951_554905971362205_2717043950066914292_n

708a29895290
13920581_554918514694284_7238793938894042451_n 13925038_554906074695528_7125511162841486176_n 13939350_554918614694274_92131341523839506_n 14021746_554918734694262_1797158713783425904_n 14022241_554918731360929_5779304832720568006_n 14045565_554231578096311_1039716402415373404_n 14054200_554906068028862_2314550439758438268_n 14068200_554918691360933_5779832798064281697_n cb236dfac587

13906756_554231494762986_6639558654899157029_n