30/11/2016 18:56

Ekvador və Çinin “CETC İnternational” şirkəti arasında radar qalmaqalı davam edir

Ekvador Hökuməti ilə Çinin “CETC International” şirkəti arasında 2013-cü ildə başlanmış radar qalmaqalı çərçivəsində tərəflər məhkəmələrdə bir birilərinə qarşı təzminat tələbi irəli sürüblər.

“AzeriDefence”nin “Military Paritet” saytına istinadən verdiyi məlumata görə, Çin şirkəti 2013-cü ildən müqavilənin birtərəfli dayandırması üçün zərərin ödənilməsi haqqında Ekvadora qarşı 280 milyon dollar dəyərində kompensasiyanın ödənilməsi tələbi ilə iddia irəli sürüb.

Tərəflər arasında 2009-cu ildə imzalanmış müqavilənin məbləği 60 milyon dollar olub. Alınan radarlar Ekvadorun şimal sərhədlərində 4 strateji nöqtədə qurulmalı idi.

Ekvador tərəfinin fikrincə, müqavilənin pozulmasına səbəb Çin tərəfinin sazişin dəyərini 280 milyon dollar qədər artırmasıdır. Buna görə də Ekvadorun Müdafiə Nazirliyi digər təchizatçılarla danışıqlara başlayıb. “Deutsche Bank”ın krediti hesabına İspaniyanın “Indra” şirkətindən 112 milyon dollar 4 radarın alınması nəzərdə tutulur. Ekvador tərəfi iddia edib ki, Çin radarları işləmir.

Qeyd edək ki, adı bir sıra ölkələrarası qalmaqallarda hallanan “CETC İnternational” şirkəti hazırda postsovet bazarına daxil olmaq üçün ciddi işlər aparır. Şirkət Türkmənistan və Özbəkistana radar sistemləri, rabitə vasitələri və radioelektron mübarizə vasitələrinin satışını reallaşdırıb. Şirkət eyni zamanda Azərbaycana da özünün radioelektron mübarizə sistemlərini təklif edir.