18/11/2017 23:50

Əlahiddə Ümumqoşun Orduda kurs bitirən zabitlər yeni vəzifələrə təyin edildi

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda zabit heyətinin təkmilləşdirilməsi kursunu müvəffəqiyyətlə bitirən zabitlər növbəti yuxarı vəzifələrə təyin olunublar.

“AzeriDefence”nin “Naxcivantv”yə istinadən verdiyi xəbərə görə, bu münasibətlə buraxılış mərasimi keçrilib.

Buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Azərbaycanın müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev zabit heyətinin təkmilləşdirilməsi kursunu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, Əlahiddə Ümumqoşun Orduda aparılan çoxcəhətli döyüş və kadr hazırlığından danışıb.

Ordu Komandanı bildirib ki, oktyabrın 18-də Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr edilmiş hərbi parad Azərbaycan ordusunun gücünü bir daha bütün dünyaya nümayiş etdirib.

Mərasimdə məzunlar adından kapitan Amil Tağıyev çıxış edərək bildirib ki, hərbi qulluqçular işğal altında olan Azərbaycan torpaqlarını azad etməyə və şəhidlərin qisasını almağa hər an hazırdılar.

Çıxışların ardından kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilərək xidmətlərində uğurlar arzulanıb. Kurs birincisi tərəfindən yaş kötüyünə buraxılış emblemi vurulub.

Daha sonra zabit heyətinin təkmilləşdirilməsi kursunu uğurla başa vuranların ixtisaslarına uyğun növbəti yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarının nəzərinə çatdırılıb. Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.