15/11/2017 12:27

Əlahiddə Ümumqoşun Orduda təlim toplantısı keçirilib

2017-ci ilin döyüş hazırlığı planına əsasən, Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin gənc məzunları hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilən zabitlərlə təlim toplantısı keçirilib.

Bu barədə “AzeriDefence” “Azərbaycan Ordusu” qəzetinə istinadən xəbər verib.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki sinif otaqlarında və müxtəlif trenajorlarda şəxsi heyətin sürücülük və atış qabiliyyəti sınaqdan çıxarılıb. Toplantıya cəlb edilmiş zabitlərin virtual təlim meydançasında qazandıqları biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.

Qeyd olunub ki, təlim mərkəzində müxtəlif maneələrin dəf edilməsi, eləcə də desant hazırlığı, praktiki atışlar, müxtəlif ixtisaslar üzrə dərs və məşğələlər keçirilib, zabitlərdən məqbullar götürülüb. Əsas diqqət zabitlərin taktiki biliklərinin, qərar qəbul etmək bacarıqlarının artırılmasına yönəldilib.

Bundan başqa, gənc zabitlərin Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərinə və muzeylərinə ekskursiyaları təşkil olunub. Həmçinin onlar Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki düşmənlə üz-üzə mövqelərində şəxsi heyətin sosial-məişət, xidmət şəraiti ilə tanış olublar.

Təlim toplantısının yekununda Azərbaycanın müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev əldə olunan nəticələri yüksək qiymətləndirib və gənc zabitlərə xidmətlərində uğurlar arzulayıb.