31/05/2012 04:28

Elbit yeni hiperspektral kəşfiyyat sisteminin sınaqlarına hazırlaşır

İsrailin Hərbi Hava Qüvvələrləri Elbit Systems şirkəti tərəfindən hazırlanmış MASINT adlı hiperspektral kəşfiyyat sistemini sınaqdan keçirməyi planlaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Cnews” saytı məlumat yayıb.

Müşahidə və kəşfiyyat sistemlərinin yeni nəsili sayılan MASİNT yalnız görülən obyektləri deyil, eyni zamanda müxtəlif materialların altında saxlanılan əşyaları, o cümlədən uran və zəhərləyici maddələri aşkar etməyə imkan verir. MASINT müxtəlif maddələrin elektro-optik və radiolokasiya təsvirləri ilə yanaşı spektral imzalarını aşkar edir. Bunun sayəsində yeni müşahidə sistemi nüvə silahının və başqa təhlükəli materialların maskalanmış anbarlarını aşkar etməyi bacarır. Hətta adi həyət evində həmin maddələr yerləşdirilsə belə.

İsrail Müdafiə Nazirliyi artıq sistemin ilkin sınaqlarını keçirib. Yay aylarında döyüş şəraitində yoxlanması üçün MASINT sistemi ən azı bir Hermes – 450S tipli PUA üzərinə qurulacaq.

Müəyyən spektrin mövcudluğunu müəyyənləşdirən MASINT elektro-optik tənzimçiləri ilə birlikdə döyüş meydanı haqqında maksimal informasiyanı verən müşahidənin ən güclü sistemini yaradır.

Çəkisi 60 kq-dan az olan MASINT-ə hiperspektral sensor və kamera daxildir. Elbit Systems-in məlumatına görə, sistem 4,5 km hündürlükdən saatda 100 kvadrat km səthin məlumatlarını emal edə bilər.

Qeyd edək ki, MASINT sistemi barədə ilk məlumatlar bu ilin əvvəlində Sinqapurda keçirilən aviasiya şousunda ictimaiyyətə təqdim olunub.