11/07/2018 12:48

Elçin Quliyev: Azərbaycan hərbi paradla dünyaya gücünü nümayiş etdirdi

“Bu gün Azərbaycanın sərhədçi zabiti cəmiyyətdə alicənablıq, vətənə xidmətində bir cəsarət simvoludur”.

“AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının buraxılış mərasimində çıxış edən DSX rəisi general-polkovnik Elçin Quliyev deyib.

DSX rəisi gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib: “İnanıram ki, cərgələrimizə qoşularaq bu adı şərəf və ləyaqətlə daşıyacaq, vətənimiz Azərbaycana, dövlətimizə verdiyiniz zabit andını daima uca tutacaq, Azərbycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizə daima sədaqət və əzmlə xidmət edəcəksiniz”.

Bu tədbirin keçirilməsinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tədbirləri ərəfəsinə təsadüf etdiyini bildirən general-polkovnik E.Quliyev qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tədbirlər, hərbi parad keçirilib, dünyaya gücümüz və qüdrətimiz nümayiş olunub.

“Bütün bunlar ən böyük qələbəmizin, zəfərimizin müjdəsidir. Çox keçməz ki, hər bir azərbaycanlının qürur mənbəyi olan üç rəngli bayrağımız Şuşada, Xankəndində, Kəlbəcərdə dalğalanacaq, vətənin sərhədləri, torpaqları işğaldan azad olunacaqdır. Əminəm ki, Ali Baş Komandanımızın rəhbərli altında əldə olunacaq bu qələbəyə Azərbaycan sərhədçiləri ən böyük töhvələrini verəcəkdir”, – deyə general-polkovnik E.Quliyev bəyan edib.