19/02/2019 12:10

Elçin Quliyev: “Azərbaycanın dəniz sərhədlərinin mühafizəsi yeni müstəvidə təşkil olunur”

Xəzər dənizində Azərbaycanın dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 26-cı və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 14-cu ildönümləri münasibətilə tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə DSX rəisi general-polkovnik Elçin Quliyev iştirak edib.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə məruzə ilə çıxış edən DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev dənizçi sərhədçilərin Xəzər dənizində dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 26-cı və DSX-nin Sahil Mühafizəsinin yaradılmasının 14-cü ildönümünü xidmətdə qazanılmış uğurlarla qarşıladığını qeyd edib. Məruzəçi DSX Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ərzində dəniz sərhədlərinin mühafizəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlər haqqında ətraflı məruzə edib.

Tədbirdə çıxış edən DSX rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsinin yaradılması və 2008-ci ilin noyabrın 8-də Ali Baş Komandan tərəfindən regionda bənzəri olmayan yeni bazanın istifadəyə verilməsi ilə Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinin yeni mərhələyə qaldırıldığını bildirib.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycanın dəniz təhlükəsizliyi strategiyası”nın icrası üzrə yaradılmış DSX Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”ndə inşa edilmiş 12 ədəd “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmilərinə baxış məqsədilə 8 dəfə DSX-nin Sahil Mühafizəsinin bazasında olması dəniz sərhədlərinin mühafizəsi məsələlərinə verilən xüsusi önəmin, bu sahəyə göstərilən ali diqqətin konkret təzahürləri olması qeyd edilib, bu gəmilərin döyüş sıralarına qatılması sayəsində sərhəd sularında dövlət maraqlarının qorunması imkanlarının xeyli genişlənməsi, dəniz sərhədlərinin etibarlı mühafizəsinin təşkilində yüksək nəticələrin əldə olunması xüsusi vurğulanıb.

2018-ci ilin avqust ayının 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında mühüm əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması dəniz sərhədlərinin mühafiziəsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olunmasına şərait yaratıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçilərinin Sərhəd Mühafizəsinin 100-cü ildönümünü xidməti-döyüş fəaliyyətlərində qazanılmış yüksək nailiyyətlərlə qarşılayacağına, Prezident İlham Əliyevin etimadını yeni nailiyyətlərlə doğruldacaqlarına əminliyini bildirib.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.