29/07/2016 11:13

Elçin Quliyev Beynəlxalq Miqrasiya Təşkilatının regional direktorunu qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev Beynəlxalq Miqrasiya Təşkilatının Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Sabadoşu qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, dövlət sərhədlərində əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verib.

Azərbaycanın sərhəd mühafizəsinin güclən­dirilməsi, texniki təchizatının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilib.

BMqT-nin Regional Direktoru Azərbaycanın təhlükəsizlik sistemində Dövlət Sərhəd Xidmətinin önəmli yeri və rolunu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

Tərəflər Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələrin vəziyyətini yüksək qiymətləndirib və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.