19/10/2019 13:41

Elçin Quliyev beynəlxalq tədbirdə Ermənistanın sərhəddə etdiyi təxribatlardan danışıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev beynəlxalq tədbirdə Ermənistanın sərhəddə etdiyi təxribatlardan danışıb.

“AzeriDefence”nin məlumatına görə, Minskdə Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 82-ci iclasında çıxış edən general-polkovnik Elçin Quliyev Azərbaycan ərazisinin 20%-nin, o cümlədən Azərbaycanın Ermənistan ilə dövlət sərhədinin 427 km, İran ilə dövlət sərhədinin 132 km hissəsinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılmasının təkcə Azərbaycan üçün deyil, bütövlükdə regional təhlükəsizlik üçün ciddi təhdid olmasını, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində konkret nəticələrin olmamasının bölgədəki sabitliyə mənfi təsir göstərməsini iclas iştirakçılarının nəzərinə çatdırıb.

Çıxışda 2018-ci ilin sonunda Azərbaycanın Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən 130 kilometrlik hissəsinin Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə altına götürülməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin qərarının bu münaqişənin sülh yolu ilə həllinə, bölgədə gərginliyin azalmasına və sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüs olması vurğulanıb, həmin istiqamətdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə görülmüş işlər haqqında məlumat verilib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin davamlı pozulması, sərhəd döyüş məntəqələrinin, o cümlədən avtomobil və tikinti texnikasının, tibb maşınlarının, mülki heyətin mütəmadi olaraq atəşə məruz qalmaları, nəticədə döyüş məntəqəsinin arxasında təsərrüfat işləri ilə məşğul olan mülki vətəndaş 1959-cu il təvəllüdlü Səfəralı Abışovun aldığı güllə yarası nəticəsində həlak olması xüsusi qeyd olunub.

İclasdan sonra Rusiya, Belarus və Qazaxıstan Sərhəd Xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əlaqələrin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiyanın Sərhəd Xidmətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə “AR və RF sərhəd xidmətləri arasında 2020-2021-ci illər üçün Tədbirlər Planı” imzalanıb.