19/10/2018 13:33

Elçin Quliyev DSX Akademiyasının kursant və müəllimlərini mükafatlandırdı – FOTO

Oktyabr ayının 18-də 47 ali təhsil müəssisəsinin bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələrindən ibarət komandalarının iştirak etdiyi, Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası birinciliyi qoruyaraq, bilik yarışının qalibi olub.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Oktyabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırlamış müəllim heyətini qəbul edib. General-polkovnik Elçin Quliyev kursantları və onların müəllimlərini qələbə münasibətilə səmimi təbrik edərək Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülündə və formalaşmasında Heydər Əliyevin müstəsna rolunu xüsusi olaraq qeyd edib. Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasına rəhbərlik etməsinin 15 illiyini təntənəli surətdə qeyd etdiyimiz Prezident İlham Əliyevin ölkəmizi regionun lider dövlətinə və beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşına çevirməsini, Azərbaycan xalqının gələcəyinə ünvanlanmış milli dövlətçilik strategiyasını uğurla gerçəkləşdirməsini, dövlət quruculuğunun və ictimai həyatın bütün sahələrində olduğu kimi dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkilində də əsaslı islahatların aparılmasını və önəmli nəticələrin əldə edilməsini vurğulayıb.

General-polkovnik Elçin Quliyev 2014-cü ildən keçirilən və Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənil­məsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarında Dövlət Sərhəd Xidməti Akademiyasının komandasının hər zaman ilk beşlikdə yer tutmasını, 2017 və 2018-ci illərdə isə ardıcıl olaraq qələbə qazanmasını Azərbaycan sərhədçilərinin Heydər Əliyev ideyalarına və milli dövlətçiliyə sadiqliyinin mühüm göstəricisi, gənc sərhədçi nəslinin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış ciddi uğur kimi qiymətləndirib.

“Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yüksək nəticə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fərmanlar ilə mükafatlandırılıblar.