31/05/2016 12:01

Elçin Quliyev Əfqanıstan nümayəndə heyətini qəbil edib

????????????????????????????????????

Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılığı etdiyi nümayəndə heyəti mayın 29-dan Azərbaycanda rəsmi səfərdədir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzəriDefence”yə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mayın 30-da Təhlükəsizlik Şurasının katibi Mohammad Atmar Dövlət Sərhəd Xidmətində olub.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan və Əfqanıstan İslam Respublikası arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olunub və hərbi-texniki, təlim-tədris, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında həmçinin beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotrafik və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi, regional layihələrdə birgə iştirak edilməsi məsələləri müzakirə edilib və qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd edib.

Görüşdə həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülən işlər və əldə olunan nailiyyətlər barəsində Əfqanistan nümayəndələrinə ətraflı məlumat verilib.

Qeyd edək ki, səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi nəzərdə tutulur.