14/09/2018 12:26

Elçin Quliyev İsrailin müdafiə naziri ilə görüşüb

Görüşdə sərhəd təhlükə­sizliyinə olan təhdidlər müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin aparatında Aviqdor Libermanın təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq İsrail Dövlətinin rəsmisi “Fəxri qonaq kitabı”na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan və İsrail arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğur­la həyata keçirilməsi xüsusi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edildiyi və möv­cud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulayıb. Son dövrdə sərhəd mühafizə sisteminin təkmilləş­diril­məsi istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləş­dirilməsi və gücləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükə­sizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılmış, birgə  əməkdaşlığın gələcək perspektivləri və istiqamətləri nəzərdən keçirilib. İkitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdiril­məsinin vacibliyi vurğu­lanıb.