15/11/2018 10:50

Elçin Quliyev MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının iclasında iştirak edib

Noyabrın 14-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 80-ci iclasında müşahidəçi qismində iştirak edib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Tacikistan, Ermənistan və Türkmənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri iştirak ediblər.

İclas zamanı MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb, sərhədlərdə baş verən böhran hallarının tənzimlənməsi üzrə birgə təlimlərin təşkil olunması, Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı SQKŞ-nin Tədbirlər Planının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətinin aparılması, 2018-ci ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2019-cu il üçün tapşırıqları, növbəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunub.

İclasdan sonra Rusiya, Belarus, Türkmənistan, Tacikistan Sərhəd Xidmətlərinin rəhbərləri ilə görüşlər keçirilib, qarşılıqlı əlaqələrin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan Dövlət Sərhəd Xidməti və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı faydalı inkişafı məsələləri müzakirə olunub, görüşün yekunlarına dair ikitərəfli protokol imzalanıb.