18/08/2018 13:21

Elçin Quliyev: Ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

“AzeriDefence” “Azərbaycan” qəzetinə istinadən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəsmi mətbuatda dərc olunan məqaləsini təqdim edir.

Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlətlərin tarixi həm də onların sərhədlərinin tarixidir.

Milli sərhəd mühafizəsini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti keçmişinə ehtiram, gələcəyinə inam hissi ilə yanaşır, bugünündən qürur duyur. Bu hislərin təməlində dövlət sərhədlərinin mühafizəsinə ən yüksək səviyyədə verilən önəm durur. Heydər Əliyev sərhədlərimizin toxunulmazlığının təmin edilməsini dövlətimizin mühüm vəzifəsi kimi dəyərləndirib, sərhəd mühafizəsinin qarşısında duran vəzifələri, sərhəd siyasətinin konseptual müddəalarını müəyyənləşdirib, milli sərhəd strategiyasını yaradıb, bu strategiyanın əməli surətdə həyata keçirilməsini təmin edən konkret fəaliyyət istiqamətlərini göstərib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd infrastrukturu yaradılıb, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunub, Azərbaycan Sərhəd Mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan quruma çevrilib.

Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, hərbi hissələrin və bölmələrin səriştəli heyətlə komplektləşməsindən asılıdır. Kadr hazırlığı Dövlət Sərhəd Xidmətinin fəaliyyətində çox əhəmiyyətli və xüsusi diqqət yetirilən sahədir. Peşəkar, bacarıqlı, savadlı kadrlar olmadan həyatın heç bir sahəsində uğur qazanmaq olmaz. Azərbaycan sərhəd mühafizəsi müs-təqilliyimizin ilk illərində bu sahədə ciddi çətinliklərlə üzləşib. Sovet dövründə ölkəmizin yalnız cənub sərhədlərində sərhəd infrastrukturu var idi. Həmin sərhədləri isə sovet sərhəd qoşunları mühafizə edirdi və sərhədçi kadrlar arasında azərbaycanlılar çox az idi. Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hələ sovet dövründə milli hərbçi kadrların yetişdirilməsi istiqamətində böyük işlər görülüb. Respublikamızda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması və hər il yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsilə göndərilməsi müstəqillik dövrünə hesablanmış böyük strateji addımlar olub. Heydər Əliyev sovet ordusunda, o cümlədən sərhəd qoşunlarında azərbaycanlı zabitlərin irəli çəkilməsinə, onlara yüksək hərbi rütbələrin verilməsinə xüsusi diqqət yetirib ki, bütün bunlar da müstəqilliyimizin bərpasından sonra ölkəmizin təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edib. Uzaqgörən dövlət xadiminin diqqət və qayğısı sayəsində sovet dövründə hazırlanmış hərbçilər müstəqillik illərində kadrların hazırlanmasında böyük rol oynadılar. Əgər Heydər Əliyev tərəfindən sovet dövründə bu addımlar atılmasaydı, müstəqillik illərində ölkəmizin müdafiəsinin, sərhədlərin mühafizəsinin təmin edilməsi bəlkə də mümkün olmayacaqdı.

Kadr hazırlığı məsələləri müstəqillik illərində də böyük dövlət xadiminin daim diqqət mərkəzində idi. 1993-cü ildə xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin müdrikliyi sayəsində dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildilər və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı. Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət edən azərbaycanlı zabitlərin başqa millətlərlə müqayisədə azlıq təşkil etməsi səbəbindən yeni yaradılmış sərhəd mühafizəsinin sərhədçi zabitlərlə komplektləşdirilməsi çox böyük problemə çevrilib. Bu işdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələri köməyə çatdılar. Bunlarla bərabər, SSRİ sərhəd qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, əksəriyyəti könüllü olaraq Azərbaycan sərhəd mühafizəsində xidmətə daxil oldu. Lakin bu, mövcud tələbatı tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mükəlləfiyyətli vətəndaşlar könüllü olaraq xidmət etmək üçün sərhəd mühafizəsində həqiqi hərbi xidmətə qəbul edildilər.

Heydər Əliyevin 1993-cü ilin noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin möhkəmlənməsi və inkişafı üçün də əhəmiyyətli oldu. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. İlk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törətsə də, mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər.Tədricən qoşunların kadr potensialı yaranmağa başladı. 1992-ci ildən Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində sərhədçi zabitlərin hazırlanmasına başlanıldı. Məktəbin tədris prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması son nəticədə dövlət sərhədinin etibarlı mühafizəsinə mənfi təsir göstərirdi. Bunları nəzərə alaraq dahi öndər 1998-ci il dekabr ayının 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Akademiyada yaradılmış Sərhəd Qoşunları fakültəsi Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynadı. Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədilə sərhəd mühafizəsinin tərkibində 1994-cü ilin avqust ayında kadrların hazırlanması və təkmilləşdirilməsi kursları təşkil edildi. 2005-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin tədris mərkəzi, gizirlər məktəbi, həmçinin sahil mühafizəsinin tədris mərkəzi fəaliyyətə başladı. Xarici dil və nəzarətçi heyətin hazırlanması kurslarında miqrasiya sahəsində qanunvericilik, sərhəd nəzarəti üzrə normativ hüquqi aktlar, müasir informasiya texnologiyaları, sərhəd keçid məntəqələrində pasport nəzarətinin həyata keçirilməsi qaydaları və xarici dillər tədris olunur. Milli sərhədçi kadrların hazırlanmasına xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ilin iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncam imzaladı. 2008-ci ilin avqust ayında ilk kursantlar akademiyaya qəbul olundular. 2008-ci il noyabr ayının 27-də akademiyanın səhra təlim mərkəzi istifadəyə verildi. Həmin mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradıldı.

2010-cu il avqust ayının 10-da Dövlət Sərhəd Xidmətinin akademiya kompleksi istifadəyə verildi və açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi. Akademiyada kursantların sərhədçi peşəsinə yiyələnmələri, fiziki hazırlıqlarının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün şərait yaradılıb. Milli sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ildə istifadəyə verilib və açılış mərasimində Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan xüsusi məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanıb. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris korpusunun cari il mart ayının 5-də Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaradıb.

Ümumiyyətlə, uğurla həyata keçirilən kadr hazırlığı prosesi deməyə əsas verir ki, ölkəmizdə savadlı, intizamlı, məsuliyyətli, vətəni və onun sərhədlərini sevən, sərhədlərin mühafizəsi işini peşəkarlıqla təşkil edə bilən yeni sərhədçi nəsli yetişməkdədir. Əgər əvvəllər əməkdaşlarımızın xaricdə təhsil almalarına və həmkarlarımızın təcrübəsindən yararlanmağa çalışırdıqsa, son illər ərzində xarici dövlətlərin sərhəd mühafizə orqanlarının əməkdaşları üçün tədrisin təşkili barədə çoxlu müraciət daxil olur. Bir neçə gün öncə Tacikistan prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri çərçivəsində Tacikistan vətəndaşlarının DSX-nin Akademiyasında təhsil almalarını nəzərdə tutan sazişin imzalanması Dövlət Sərhəd Xidmətinin beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında sərhəd təhlükəsizliyi strategiyasının həyata keçirilməsi sayəsində xidməti-döyüş fəaliyyətində ciddi uğurlar əldə olunub. Məhz bunun nəticəsidir ki, Azərbaycan Sərhəd Mühafizəsi bu gün şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyətin göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə yüksəlib.

Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif mövzulu təlimlərə nəzər yetirmək kifayətdir. Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir. Keçirilən taktiki təlimlərin əsas məqsədi şəxsi heyətə vətənə məhəbbət və qələbəyə inam hislərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir.

İllər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat-taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. Son illərdə Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir.

Elmi-texniki tərəqqi sərhəd təhlükəsizliyinin təminatında da insan faktorunun azalmasını qaçılmaz edir. Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilib elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulan vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

Bununla yanaşı, ölkəmizin MDB-də telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə bərabər, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb. 2018-ci ilin 12 avqust tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının növbəti qələbəsi olan “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzər hövzəsi dövlət başçılarının Astana şəhərində keçirilmiş Zirvə toplantısında imzalanması dənizdə dövlət sərhədinin mühafizəsinin həyata keçirilməsi, həmçinin neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunub, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhəd boyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.

Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmi inşa etməsi bir neçə il öncə mümkünsüz görünsə də, artıq günümüzün reallığıdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Belə ki, dövlət başçısının 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olundu, Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Xəzər dənizində nəzarət imkanlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan işlər davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”nin açılışını etməsi, 2015-2018-ci illərdə beş dəfə həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin mühafizəsinə göstərilən ali diqqət və qayğının təzahürüdür.

Sərhədçilər hər zaman hərbi, mənəvi-psixoloji, fiziki hazırlıqlarının yüksək səviyyədə olması ilə seçiliblər. Onlar sərhədin müqəddəsliyinə zərrə qədər xələl gəlməsinə yol verməzlər və bu yolda hər an canlarından keçməyə hazırdırlar. Sərhədçilər həm vətənin müdafiəsində, həm də dövlətçiliyin qorunub saxlanılmasında qəhrəmanlıq nümunələri göstəriblər və bu gün də hər bir təhlükənin qarşısını almağa hazırdırlar. Bu hislərlə yaşayan sərhədçilər döyüş hazırlığına xüsusi fikir verirlər. Hər bir sərhədçi tam şəkildə dərk edir ki, vətən sevgisi sözlə deyil, əməllə sübut olunur və bunun üçün yüksək hərbi hazırlıq, peşəkarlıq çox vacibdir. Əldə silah gecə-gündüz sərhədi mühafizə edən sərhədçilər daim döyüş tapşırığını yerinə yetirirlər və bu zaman hər cür gözlənilməz hadisəyə, eləcə də fədakarlığa hazırdırlar. Döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlıq vəhdət təşkil edir və hər bir sərhədçidə cəsurluq hissi yaradır. Bir müddət əvvəl DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində silahlı qaçaqmalçılarla atışmada 5 güllə yarası almasına baxmayaraq, dövlət sərhədinin pozulmasının qarşısını almış baş çavuş Kurupov Ramazan Məmməd oğlunun igidliyi qeyd edilənlərə gerçək nümunədir. Sərhədçilərimizin göstərdiyi qəhrəmanlıq və cəsurluq nümunələri çoxdur. Torpaqlarımızın erməni təcavüzündən müdafiəsində, müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında, dövlət təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat və terrorçuluq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri şəxsi igidlik və şücaətə görə onlarla sərhədçi yüksək təltiflərə layiq görülüb. Ötən əsrin 90-cı illərində baş leytenant Eldar Məmmədov, gizir Faiq Cəfərov, polkovnik İntiqam Atakişiyev, baş leytenant Əmiraslan Əliyev, sərhədçi kursant Bəhruz Mansurov Azərbaycanın Milli Qəhrəmanı adına, leytenant Tahir Bədəlov “Azərbaycan Bayrağı” ordeninə layiq görülüblər. “Zaqatala” sərhəd dəstəsinin Qubek istiqamətində Hacı Maqomedovun və onun başçılıq etdiyi cinayətkar dəstənin zərərsizləşdirilməsində göstərdikləri şücaətə görə əsgər Anar İsmayılov (ölümündən sonra) və ağır yaralanan Təbriz Quliyev “Azərbaycan bayrağı” ordeninə, əsgərlər Cabir Murtuzov və Pərvin Rüstəmov “İgidliyə görə” medalına layiq görülüblər. 2008-ci ildə sərhəd pozucuları ilə döyüşdə həlak olmuş və ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş leytenant Qorxmaz Həşimovun fədakarlığı, 2009-cu ildə terrorçularla döyüşdə öz həyatı bahasına əsgər yoldaşlarının və komandirlərinin həyatını xilas edən, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb əsgər Eltun İsgəndərovun igidliyi əsl vətənpərvərlik örnəyi, vətəndaşlıq nümunəsidir.
Ölkəmizə gələn qonaqların ilk qarşılaşdığı şəxslər sərhədçilər olduğundan respublikamız və onun vətəndaşları haqqında ilk təəssürat da məhz bu görüş zamanı yaranır. Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşları, hər bir sərhədçi bunun məsuliyyətini dərindən dərk edir. Bu səbəbdən də dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin yüksək səviyyədə təşkil edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətinin ən yüksək tələblər səviyyəsində təşkil olunması, dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və viza prosedurlarının optimallaşdırılması, əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə proseslərinin daha təkmil səviyyədə tənzimlənilməsinə nail olunması, xidmətdə ən müasir texniki vasitələrin tətbiqi, şəxsi heyətin peşəkarlığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın təşkil olunması sərhəd nəzarətinin etibarlığını daha da artırıb.

Bu sahədə artıq böyük təcrübə də var. 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunları, eləcə də “Formula-1” yarışları zamanı qonaqların sərhədi keçmələri yüksək səviyyədə təmin olunub.

Ötən il ölkəmizdə böyük təntənə ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandıqları qələbələr bütün xalqımız kimi, sərhədçiləri də ürəkdən sevindirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqəti və dəstəyi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında keçirilən, dövlətimizin gücünün və iqtisadi qüdrətinin növbəti tərənnümünə çevrilən IV İslam Həmrəyliyi Oyunlarında qalib komandaların dövlət bayraqlarının idman meydanlarına çıxarılması və dalğalandırılması kimi məsuliyyətli və şərəfli missiyanın məhz Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına həvalə edilməsini yüksək etimad kimi qəbul edən sərhədçilər vəzifələrinin öhdəsindən layiqincə gəliblər.Beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsi, ölkə iqtisadiyyatının qüdrətlənməsi ilə əlaqədar sərhəd təhlükəsizliyi məsələlərinin ön plana keçdiyi şəraitdə dövlət sərhədində dövləti maraqlarını əzmlə müdafiə edən Azərbaycan sərhədçiləri onlara göstərilən ali diqqətə görə qürur hissi keçirirlər.
Çünki şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması məsələlərinə Prezindet İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşıb. Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artmış, 14 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Goradil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Şüvəlan qəsəbəsində yeni hərbi hissə, Bakı şəhərinin Nərimanov rayonunda 312 mənzilli yaşayış binaları inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib.

Bu müddətdə 111 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib, yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 1000-dən artıq xidməti bina istifadəyə verilib. Son günlərdə “Göytəpə” sərhəd dəstəsinin “Daşkənd” sərhəd zastavasının və “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavasının yeni inşa olunmuş xidməti və yaşayış binaları komplekslərinin açılışlarının edilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etməsini göstərir.

Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub.

Böyük fəxrlə qeyd edirəm ki, bu illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev DSX-nin hərbi hissələrinə 36 dəfə səfər edib. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, bununla əlaqədar idarəetmə sisteminin təkmilləşdirilməsi, aparatın yeni struktur qurumlarının, silahlı birləşmələrinin idarəetmə orqanlarının fəaliyyətinin təşkil olunması və şəxsi heyətlə komplektləşdirilməsi Azərbaycan Sərhəd Mühafizəsinə ən yüksək etimadın göstəricisidir. Bu qərarlar sayəsində dövlət sərhədinin mühafizəsi daha yüksək səviyyədə təmin olunur və buna görə cənab Prezidentə dərin minnətdarlığımızı bildirirəm!

Xüsusi olaraq vurğulamaq istərdim ki, 2005-ci ildə DSX aparatının inzibati binasında – Azərbaycan xalqına qarşı uzun illər repressiyalar törədilmiş məkanda – sərhəd dəstələrinə və hərbi hissələrə döyüş bayraqlarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəxsən təqdim edilməsi biz sərhədçilərə diqqətin və qayğının təcəssümü olmaqla yanaşı, həm də müstəqil Azərbaycan naminə əqidələri uğrunda savaşmış Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi repressiya qurbanlarının ruhuna ehtiram ifadəsi olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərhədçilərlə həmin görüşdə vurğuladığı kimi, Azərbaycan yanar regionda təhlükəsizlik adasıdır və bu adanın təhlükəsizliyi sərhədçilərə həvalə olunub. Bu ifadə Ali Baş Komandanın sərhəd təhlükəsizliyinə verdiyi önəmin ali təzahür forması olaraq dövlət sərhədinin mühafizəsi sahəsində islahatların əsas mahiyyətini təşkil edib.

Azərbaycan Sərhəd Mühafizəsinin çətin və mürəkkəb olduğu qədər də şərəfli inkişaf yolu xəyalların gerçəkləşməsi, mümkün olmayanın reallaşması yoludur. Çünki vaxtilə uzaq gələcək kimi qəbul etdiyimiz müasir sərhəd mühafizə infrastrukturunun, sərhəd aviasiyasının və sahil mühafizəsinin yaradılması, dövlət sərhədinin mühafizəsində peyk texnologiyalarının tətbiqi, sərhəd məntəqələrində radiolokasiya sistemlərinin, səyyar və stasionar müşahidə və elektron-optik vasitələrin istifadəsi, rəqəmsal informasiya sisteminin yaradılması, sərhədçilərin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması artıq günümüzün reallığıdır.

Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, Sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir. Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir, vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə dövləti maraqlara sədaqətlə xidmət edir.

Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır. Son 15 il ərzində Azərbaycan sərhədçiləri tərəfindən 8 min 797 sərhəd pozucusu, 135 min 91 nəfər rejim pozucusu, 28 min 935 nəfər axtarışda olan şəxs saxlanılıb, təxmini dəyəri 126 milyon manat olan qaçaqmalın, o cümlədən 4 ton 266 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 331 ton narkotik mənşəli bitki kolu aşkar olunaraq məhv edilib.

Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 79 nəfər Azərbaycan, 21 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 88 şəxs saxlanılıb, 375 nəfərin şəxsiyyəti müəyyən edilib. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 136 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi strategiyasının uğurlu davamı Dövlət Sərhəd Xidmətini dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir bir quruma çevirib. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.
Bu gün əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir!
2016-cı ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ən müasir silah və texnika ilə təchizatlanmış Silahlı Qüvvələrimiz tərəfindən düşmənin təxribatına cavab olaraq onun alınmaz hesab etdiyi mövqeləri, dislokasiya yerləri, komanda-dayaq məntəqələri, qərargahları dəqiq zərbələrlə darmadağın edilib, bununla da hərbi qüdrətimiz bütün dünyaya nümayiş etdirilib.

Bu gün hər bir Azərbaycan sərhədçisi Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürurludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrük rəhbərliyi altında yaxın müddətdə dövlətimizin ərazi bütövlüyü təmin ediləcək və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsi Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcək. Buna əmin olan Azərbaycan sərhədçiləri bu vəzifənin icrasında şərəflə iştirak etməyə daim hazırdırlar!

Elçin QULİYEV,
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik