27/03/2019 13:02

Elçin Quliyev Qazax sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icra vəziyyəti, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında məruzələr dinlənilib.

Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.

Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləşdirilməsi, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yüksəldilməsi üzrə göstərişlər verilib.