16/08/2019 10:55

Elçin Quliyev: Qazax və Ağstafada 75 sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi istifadəyə verilib

Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan – Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra 75 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, iki hərbi hissə kompleksi tikilərək istifadəyə verilib.

“AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

“Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın hərb qüdrətinin zəfər yürüşünün davamıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yaxın günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi təyinatlı “Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması qərarı Azərbaycan sərhədçilərinin bu istiqamətdə xidməti-döyüş fəaliyyətinə Ali Baş Komandan səviyyəsində verilən ən yüksək dəyər, ən ali qiymətdir!”, , – deyə DSX rəisi qeyd edib.

Elçin Quliyev 2016-cı ilin aprel döyüşlərində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxından iştirak etdiyini, ümumi qələbənin əldə olunmasına ciddi töhfə verdiyini vurğulayıb.