11/08/2018 11:38

Elçin Quliyev sosial şəbəkələrdə atçapma videosu yayılan uşağı qəbul edib

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə azyaşlı qızın yüksək sürətlə at çapma bacarığını nümayiş etdirən video görüntülər paylaşılır.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) tərəfindən bu video ilə maraqlanılıb. Həmin materialda görüntülənən 9 yaşlı Gülay  və onun atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşmış Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya Prezidenti ilə görüşə dəvət olunub.

Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Gülay və onun atası ilə görüşüb. Görüşdə Gülay at sürməyə 4 yaşından başlamasını, atçılıq idmanına böyük maraq göstərməsini, gələcəkdə atçılıq idmanı ilə peşəkarcasına məşğul olmağın ən böyük arzusu olmasını bildirib. Söhbət zamanı Gülayın atçılıq idmanına olan marağının ARAF tərəfindən tam dəstəklənəcəyi bildirilərək, at sürmə zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin mütləq vacibliyi izah olunub.

General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.