06/12/2017 14:25

Elçin Quliyev türkiyəli generalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dekabr 6-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi, general-polkovnik Yavuz Türkgencin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə isti­fadə hallarının davam etdirilməsi qeyd olunub.

Transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin dərinləşdirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Тürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.