16/08/2019 11:03

Elçin Quliyev: Xəzər dənizinin Azərbaycan sektorundakı bütün obyektlər radarlar vasitəsilə müşahidə edilir

Xəzər dənizinin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.

“AzeriDefence”nin məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

General-polkovnik Elçin Quliyev qeyd edib ki, DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.

Cari il iyul ayının 31-dən avqust ayının 2-dək “Xəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilmiş taktiki təlimlərdə qarşıya qoyulan bütün tapşırıqlar ən yüksək səviyyədə icra olunub. İyul ayının 26-da İran İslam Respublikasının “Şəbahəng” quru yük gəmisinin qəzaya uğraması zamanı 9 nəfərdən ibarət olan gəmi heyətinin xilas edilməsi DSX Sahil Mühafizəsinin yeni gəmilərinin yüksək manevr və sürət imkanlarını bir daha nümayiş etdirdi.

DSX rəisi həmçinin qeyd edib ki, 2018-ci ildə imazalanmış “Xəzər dənizində sərhəd qurumlarının əməkdaşlığı və qarşılıqlı fəaliyyəti haqqında Saziş” Xəzəryanı dövlətlərin müvafiq qurumlarının sərhəd mühafizəsi sahəsində əməkdaşlığının inkişafına təkan verib. Azərbaycan-Rusiya-Qazaxıstan sərhəd xidmətlərinin iştirakı ilə Xəzər dənizinin bioresurslarının qorunması və hər növ qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə mütəmadi birgə əməliyyat-profilaktiki tədbirlər keçirilir. Azərbaycan, Rusiya və Qazaxıstanın sərhəd xidmətlərinin sərhəd gözətçi gəmilərinin qarşılıqlı dostluq səfərləri və birgə təlimləri təşkil olunur.