14/06/2017 19:18

Erməni general yenə sərsəmlədi

General-mayor Arkadi Ter-Tadevosyan

General Yaşar Aydəmirov: Tadevosyan müsahibə verəndə, kamera qarşısına keçəndə ağlı başında olmur

“Azərbaycanın bir neçə mühüm nöqtəsinə zərbə vurmağı planlaşdırırıq”.

“AzeriDefence”nin məlumatına görə, bunu erməni general, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan müsahibə zamanı deyib.

Təmas xəttində vəziyyətin kəskinləşməsini Azərbaycanın dövlət planı kimi təqdim edən erməni general bildirib ki, Azərbaycan ərazisində ermənilərin zərbə endirməyi planlaşdırdığı bir neçə nöqtə var.

“Bu zərbəni də qərargah və əməliyyat qrupu bilir ki, hara və nə qədər endirmək lazımdır. Əgər, Azərbaycan zərbə vurmağa çalışsa, o zaman yalnız Ermənistanın mülki əhalisi zərər çəkəcək. Çünki bizdə belə starteji obyektlər yoxdur. Yox əgər biz zərbə endirəcəyiksə, o zaman Azərbaycandan heç bir əsər əlamət qalmayacaq. Təkcə Bakı ətrafında olan neft obyektlərinin məhv edilməsi, Azərbaycana ağır zərbə olar. Ona görə də Azərbaycan hücum etməyə cürət etməz. Amma sərhəddə vəziyyəti gərgin olaraq saxlayacaqlar”, – deyə Tadevosyan yenə həmişəki ampulasından çıxış edib.

General iddia edir ki, Azərbaycan İrəvanı ələ keçirəcəyini bəyan edir. ATƏT-in Minsk Qrupu Azərbaycana təsir edə bilmir.

General-leytenant Yaşar Aydəmirov

Mövcud Ermənistan müvəqqəti dövlətdir

Erməni generalın Azərbaycanı təhdid etməsinə münasibət bildirən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov “AzeriDefence”yə açıqlamasında qeyd edib ki, Tadevosyan jurnalistlərə müsahibə verəndə, kamera qarşısına keçəndə ağlı başında olmur:

“Bu qocaldıqca nə danışdığını anlamır. Yaxşı olar ki, başlarına gələcək müsibətləri soyuq başla analiz edib, erməni xalqına səmimi şəkildə çatdırsın. Və anlasınlar ki, biz gec-tez nəinki Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik, hətta 1918-20-ci illərdəki sərhədlərimizi bərpa edəcəyik. Bu regionda erməni dövləti olmayıb. Mövcud Ermənistan da müvəqqəti dövlətdir”, – deyə general Aydəmirov qeyd edib.

General qeyd edib ki, İrəvanı vurmaq üçün Azərbaycan Ordusunun texniki imkanları var. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan İrəvana məsafə çox uzaq deyil: “Götürüb xəritəni baxa bilərlər. Düşünsünlər ki, Azərbaycanın hansı silahları var və bizlə onlar arasında məsafə nə qədərdir. Göstərilənlərin vurulma məsafəsini hesablasınlar bəlkə onda ağılları başlarına gələr. Azərbaycan Ordusu üçün Tadevosyanın evini vurmaq belə problem deyil. Bu adam özünü düşünmür, heç olmasa nəvə-nəticəsini düşünsün”.

Vəziyyət ermənilər üçün heç də ürəkaçan deyil

Tadevosyanın Azərbaycana zərbə vurmaqla təhdidinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, onun bu danışıqları sərsəmlikdən başqa heç nə deyil:

Üzeyir Cəfərov

“Hər zaman olduğu kimi bu Tadevosyan yenə öz ənənəsinə sadiq qalaraq cəbhə bölgəsində baş verənlərə görə Azərbaycanı günahlandırmağa çalışır. İndiyə kimi, az qala “həftə səkkiz, mən doqquz” gah Mingəçevirdəki SES-i, gah da Bakı-Tiflis-Ceyhan neft kəmərini az qala 50-100 dəfə, bəlkə də çox “vuran” bu və bunun ağlında olan erməni general və siyasətçiləri, indi də bizi Bakı və ətrafdakı neft rezervuarlarını partlatmaqla hədələmək variantına keçiblər”, – deyə ekspert əlavə edib.

Üzeyir Cəfərov hesab edir ki, jurnalistin Arkadiy Ter-Tadevosyana ünvanladığı suallarından və verilən cavablardan hiss olunur ki, ermənilər çox çaşqın və qorxu içindədirlər.

“Özü də, onlar indi əvvəlki illərdən fərqli olaraq biri birini daha çox ittiham edir və işğal altında olan ərazilərimizi qaytarmağa cəhd edəcək şəxsləri vətən xainləri kimi qələmə verməyə çalışırlar.Onun fikirlərindən hiss olunur ki, Ermənistanın daxilində çox böyük əsəbilik və çaşqınlıq hökm sürür. Artıq onların havadarları da bunların “iplərini” tam yığa bilmirlər. Proseslərdən bir balaca məlumatlı olduqlarına görə, onlar Moskvanı da satqınçılıqda, Azərbaycanın mövqelərini daha çox müdafiə etməkdə suçlayırlar. Bir sözlə, bədnam qonşularımızın daha çox güvəndiyi və ümid etdikləri bu Arkadiy Ter-Tadevosyan tipli sərsəm generallarının açıqlamalarından hiss olunur ki, vəziyyət onlar üçün heç də ürəkaçan deyil”, – deyə hərbi ekspert əlavə edib.