03/10/2019 18:32

Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs dəfn olundu

Azərbaycan-Ermənistan dövlət sərhəddində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı nəticəsində həlak olmuş mülki şəxs 1958-ci il təvəllüdlü Alışov Səfərəli Ələkbər oğlu bu gün anadan olduğu Masallı rayonu Əmirtürbə kəndindəki qəbiristanlığda dəfn edilib.

Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və kollektivi, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, hüquq mühafizə orqanları rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər Azərbaycan Ordusunun nailiyyətlərindən danışıb, şəhidə Allahdan rəhmət diləyiblər.

Çıxışlarda bildirilib ki, Səfərəli Alışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki Azərbaycan mövqelərində təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.

Mərasimdə çıxış edənlər S.Alışovun ailəsinə dərin hüznlə başsağlığı verərək, bildiriblər ki, torpaqların müdafiəsi uğrunda şəhid olmuş soydaşların qisası Azərbaycanın qüdrətli ordusu tərəfindən düşməndən tezliklə alınacaq.

S.Alışovun təltif olunduğu “Azərbaycan Sərhəd Mühaizəsinin 100 illiyi”, “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalları və Azərbaycanın üçrəngli bayrağı şəhidin oğluna təqdim edilib.

Qeyd edək ki, oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorçu S.Alışov düşmən tərəfindən atəşə tutulub. Nəticədə S.Alışov güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.