16/03/2017 15:35

Ermənilər ATƏT-in təşəbbüsünə qarşı: cəbhədəki müşahidə kameralarını vurmağa başladılar – FOTO-VİDEO

Ermənistan Silahlı Qüvvələrinin cəbhədə təxribatı aşkarlanıb.

“AzeriDefence”nin məlumatına görə, “Youtube” portalındakı “Hetq Investigative Journalist” kanalında və “Kontakt” sosial şəbəkəsindəki “Armenian Military Portal” səhifəsində yer alan videoda erməni snayperləri tərəfindən Azərbaycan tərəfinin cəbhədə qurduğu nəzarət-müşahidə kamerasının vurulduğu nümayiş olunub.

Bununla da erməni tərəfi may ayından ATƏT-in müşahidə missiyasının təşəbbüsü və iştirakı ilə cəbhə xəttində yerləşdirilən müşahidə kameralarını sıradan çıxardığını təsdiqləməklə öz özünü ifşa edib.

Qeyd edək ki, cəbhə xəttində müşahidə-nəzarət kamerlarının yerləşdirilməsi məsələsini də ATƏT qarşısında elə Ermənistan tərəfi qaldırmışdı.

“AzeriDefence”nin məlumatına görə, indiyədək ermənilər tərəfindən Azərbaycan Ordusunun mövqelərdə tətbiq etdiyi müşahidə kameralarına dəfələrlə məsafədən müdaxilə halları olub. Hətta bəzi ərazilərdə lazerlə müdaxilə halları baş verib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov “Azeri Defence”yə açıqlamasında qeyd edib ki, ermənilər 1992-ci ildən bu yana atəşkəsdən həmişə öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Onlar özlərinə sərf etməyən hallarda təxribatlar törətməklə hətta beynəlxalq təşkilatlar qarşısında olan öhdəlikləri də pozurlar.

“Hər kəsin yadındadır ki, cəbhədə kameraların qurulması məsələsi Ermənistanın istəyi və tələbi ilə baş verib. İndi baxırlar ki, kameralar onların təxribat törətmək cəhdlərinə maneçilik yaradır. Diversiya hərəkətlərini həyata keçirə bilmirlər. Ona görə də kamerlara məsafədən müdaxilə edərək sıradan çıxarmağa başlayıblar”, – deyə ekspert əlavə edib.

X.Baxışovun sözlərinə görə, Azərbaycan Ordusu cəbhə xəttində ən müasir kameralardan istifadə edir. Həmin kameralarla hər cür hava şəraitində müşahidə aparmaq və düşmənin hərəkətini uzaq məsafədən aşkarlamaq mümkündür. Bu səbəbdən də son aylarda ermənilərin onlarla diversiya cəhdi aşkarlanaraq qarşısı alınıb.

Ekspert hesab edir ki, ermənilər cəbhə xəttindəki kameraların vurulması videosunu yaymaqla əslində öz təxribatlarını ifşa etmiş oldular: “Hesab edirəm ki, müvafiq qurumlar – Müdafiə və Xarici İşlər nazirlikləri bu video faktdan istifadə edərək ATƏT və digər təşkilatlarda erməniləri ifşa etməlidirlər”.