17/05/2017 10:04

Ermənilər Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub

Mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və müdafiənin dərinliyində yaşayış məntəqələrini müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.

Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur.

Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.