20/12/2015 13:05

Ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib

Ötən gün və gecə ərzində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.

Bu arada Müdafiə Nazirliyi düşmənlə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlunun həlak olduğunu açıqlayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Nazirlik bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əməliyyat şəraitinə nəzarət etməklə düşmənin bütün hərəkətlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.