18/07/2019 11:47

Ermənilərin atəşkəsi pozması nəticəsində DSX-nin əsgəri yaralanıb

Ermənistan Silahlı Qüvvələri 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimini pozub.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan DSX Sərhəd Qoşunlarının Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.

Hadisə zamanı DSX Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub. Sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.