24/09/2015 14:35

Ermənistan-Azərbaycan dövlət sərhədində bayram təxribatı

Qazax sakini yaralandı, cavab tədbirləri nəticəsində erməni tərəfi 5 itki verdi

Azərbaycan Müdafiə Nazirliyi: “Təxribata görə məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və dövlət sərhədi boyu yerləşən kəndləri müxtəlif çaplı silahlardan istifadə etməklə intensiv surətdə atəşə tutublar.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 23-də gecə saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb.

Göstərilən ilkin tibbi yardımdan sonra E.Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi Azərbaycanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimizi provokasiyaya cəlb etmək niyyətini güdür.

“Düşməni susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib. Bir daha bəyan edirik ki, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür”, – deyə Nazirlik bəyan edib.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 124 dəfə atəş zərbəsi endirib.

Bu arada erməni mediasında yer alan məlumatlara görə, atəşkəsin pozulması nəticəsində, Azərbaycan əsgərlərinin açdığı atəşdən qeyd olunan istiqamətdə Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri və mülki sakinlər arasında yaralananlar var. Son gün ərzində erməni tərəfdə atışma nəticəsində yaralananların sayı 5 nəfər olub.

“Azadlıq” radiosu: Koti kəndi panika içindədir

Bu arada “Azadlıq” radiosunun erməni bürosu – “Azatutyun”un dövlət sərhədindən hazırladığı reportajda sərhədyanı erməni kəndlərinin durumunun heç də Ermənistanın hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi kimi yaxşı olmadığı qeyd edilib.

Tavuş rayonunun Koti kəndinin sakinlərinin üzləşdikləri vəziyyət isə daha pisdir. Koti sakinləri hər gün yaşadıqları həyatın daha da pisə doğru getdiyini bəyan ediblər.

Kənd sakini Aykaz Azizbekyan deyib ki, o kənddən çıxıb getməyi fikirləşir. Çünki bundan başqa çıxış yolunu görmür.

“Düşünürük hara gedək – Rusiyaya və ya hara? Biz burada yaşamırıq, sadəcə mövcuduq. Kim bacardı uşaqları buradan çıxarıb. Kənd məktəbinə bu gün uşaqların 1/4 gedir. Mən qızı uşaq bağçasına yollamağa qorxuram”, – Aykaz Azibekyan danışıb.

Sakin 52 yaşlı Anna Siradeqyan isə deyib ki, onlar artıq gecələri yuxusuz keçirirlər: “Nə qədər buna qarşı durmaq olar? Bilmirəm, bizim haqqımızda düşünürlər ya yox? Bütün gecə insanlar gərgin vəziyyətdədir, nə yuxu var, nə dinclik. İstənilən kalibrli silahlardan atırlar. Nə vaxt buna son veriləcək? Artıq kəndimiz tərk edilib. Kimin imkanı var çıxıb Rusiyaya gedir”.