18/09/2015 09:29

Ermənistan hərbi sənayesinin “milli” yalanı ifşa olundu

Litvanın LiTak Tak şirkəti tərəfindən hazırlanmış AMBER-1800 radarı

Bir müddət əvvəl Ermənistan mediası İrəvan Elmi-Tədqiqat Rabitə vasitələri İnstitutunun istehsal etdiyi radiolakasiya sistemləri barədə məlumat yaymışdı.

“AzeriDefence”nin xəbərinə görə, məlumatda adıçəkilən institutun 3 müxtəlif – MŞR-200, MES-3 və MES-5 adlı stansiyalar hazırladığı qeyd olunmuşdu. Bu günlərdə isə mütəxəssislər qeyd edilən RLS-lərin daha əvvəl Litvanın “LiTak-Tak” və Ukraynanın “Aerotexnika-MLT” elmi-tədqiqat müəssisələrində istehsalına dair açıqlama ilə çıxış ediblər.

Əvvəlcə qeyd edək ki, “LiTak-Tak” şirkəti 2009-cu ildə yaradılıb və radiotexnologiyaların istehsalı sahəsində ixtisaslaşıb. Məlumatda şirkətin Ukraynada nümayəndəliyinin olduğu da xatırladılıb. Sovet dövründən fəaliyyət göstərən Ukraynanın “Aerotexnika-MLT” müəssisəsinin rəsmi saytında isə Ermənistanın öz məhsulu kimi təqdim etdiyi RLS-in xarakteriskasına tam uyğun olan AMBER-1800 RLS-i barədə geniş informasiya mövcuddur. Bundan başqa diqqəti çəkən digər məqam “LiTak-Tak”ın Avropa partnyoru olan “Central European Antiaircraft Corporation”la (CEAC) bağlıdır. Belə ki, mərkəzi ofisi Polşanın Zombki şəhərində olan və Avropada müdafiə sektorunda fəaliyyət göstərən bu qurumun rəsmi saytında da həmin RLS-ə dair məlumat yer alıb. Qeyd olunub ki, həmin RLS-in ixracatçısı “LiTak-Tak” şirkətidir. “LiTak-Tak” şirkəti Ermənistanla əlaqələrini də gizlətmir. Şirkətin rəsmi saytında tərəfdaş qurum kimi İrəvan Elmi-Tədqiqat Rabitə vasitələri İnstitutunun adı qeyd olunub.

Erməni mediası isə yazır ki, Ermənistanda adıçəkilən müəssisədən başqa RLS hazırlaya biləcək qurum yoxdur. Burada məlumatın maraq doğuran hissəsi isə İrəvandakı institutun direktoru M. Markosyan tərəfindən açıqlanıb. O, “Erməni ordusu” jurnalına müsahibəsində adıçəkilən RLS-in milli məhsul olduğunu deyib. Mövcud vəziyyətdə belə nəticə çıxarmaq olar ki, yuxarıda qeyd olunan RLS-lərin hazırlanmasında 3 ölkənin müəssisələri – Erməistanın İrəvan Elmi-Tədqiqat Rabitə vasitələri İnstitutu, Litvanın “Litak-Tak” və Ukraynanın “Aerotexnika-MLT” elmi-tədqiqat qurumları iştirak ediblər. Ənənələrinə sadiq qalan ermənilər isə hazır məhsulu öz adlarına çıxıblar.

 

102307_original

Ermənistan hərbi sənayesinin “milli” olaraq yaradıldığını elan etdiyi MŞR-200 RLS