28/02/2019 16:27

Ermənistan İranın hərbi sənaye kompleksi ilə əməkdaşlığı genişlədirir

İrana qarşı beynəlxalq embarqolara baxmayaraq Ermənistan İranın müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığı genişlədirir.

“AzeriDefence”nin əldə etdiyi məlumatlara görə, Ermənistan və İran şirkətləri birlikdə NBC avadanlıqların, habelə hərbi tekstil məhsulların istehsalını həyata keçirmək niyyətindədirlər. Tərəflər eyni zamanda radioelektronika və lazer texnologiyaları sahəsində mövcud əməkdaşlığı davam etdirməyi planlaşdırlar.

“Azeri Defence”nin öz kanalları vasitəsi ilə fevralın 17-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirilmiş IDEX-2019 sərgisində iştirak etmiş Ermənistan müəssisələrinin nümayəndələrindən əldə etdiyi məlumata görə, hazırda Ermənistanın “Aragats” Səhmdar Cəmiyyəti və “Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutu” QSC-nin (YerNİİSS) əməkdaşlıq etdiyi xarici təşkilatlar arasında İranın müdafiə sənaye müəssisələri də var. Erməni tərəfi konkret layihələr barədə informasiyaları açıqlamayıblar.

Qeyd edək ki, Ermənistan və İran müdafiə sənayesi müəssisələri arasında radioelektronika sahəsində 5 ilə yaxındır əməkdaşlıq mövcuddur. İranın 2015-ci ildə silahlanmaya qəbul etdiyi “Nəcm-802” faza ilə idarə olunan antena qəfəsli (AESA) radiolokasiya stansiyası Ermənistanın YerNİİSS müəssisəsi tərəfindən hazırlanıb. Bunu İnstitutun marketinq şöbəsinin müdiri Anna Markaryan hələ “ArmHiTec-2016” sərgisində bildirmişdi. Bununla bağlı erməni jurnalist Samvel Ağababayan öz bloqunda da yazıb.

Məlumat üçün bildirək ki, radiolokasiya stansiyası İranın Shiraz Electronics Industries (SEI) müəssisəsində istehsal edilir.

Erməni tərəfi “Nəcm-802” RLS-in YerNİİSS-in direktoru Mher Markosyanın rəhbərliyi altında yaradılmış MES-5 adlı RLS olduğunu təsdiqləyir.

Ermənistanın özünün bu RLS-lərə sahib olmadığını nəzərə alsaq, layihənin İran hərbi sənaye kompleksinə satıldığını söyləmək olar.

MES-5 radiolokasiya stansiyasının layihəsi. Foto: https://hrah.livejournal.com