28/08/2017 14:19

Ermənistan “Ordu-2017” forumunda müdafiə sənayəsi məhsullarını sərgiləyib – FOTO

Ermənistan “Ordu-2017” Beynəlxalq hərbi-texniki forumunda müdafiə sənayəsi məhsullarını sərgiləyib.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, Rusiyada avqustun 22-dən 27-dək keçirilən “Ordu-2017” beynəlxalq sərgisində Ermənistan, Belarus, Qazaxıstan, Çin, Pakistan və CAR öz məhsullarını nümayiş etdiriblər.

Ermənistanın nümayiş etdirdiyi hərbi sənaye məhsullarından 2K02 sistemi 20 km məsafədə yerləşən hədəfləri (kəşfiyyat, artilleriya texnikalarını) aşkaretmə qabiliyyətinə malikdir. Kompleks vasitəsilə hədəfin koordinatlarını da (kompleksdən 12 kilometr uzaqlıqda) müəyyən etmək mümkündür.

Ermənistan bununla yanaşı, sərgi zamanı 2.2 kilometr qədər uzaqlıqda insanları, 3.3 km-ə qədər isə hərbi texnika məsafəsini müəyyən edə bilən MED-1 radiolokasiya stansiyasını da nümayiş etdirib. Daşınan radar dopler siqnallar əsasında çalışır.

Ermənilərin sərgiyə çıxardıqları “Şqarş” maneəyaratma stansiyası GPS/QLONASS naviqasiya peyk siqnallarını yatırmaq üçün yaradılıb. Həmçinin pilotsuz uçuş aparatlarının (PUA) da hərəkətinə mane ola bilir. İstehsalçıların məlumatına görə, qurğu GPS siqnalını 60 kilometrə qədər uzaqlıqda boğmağı bacarır. Kiçik ölçüyə malik sistem dağlıq ərazidə tətbiq olunub. “Şqarş”ın kəşfiyyat xarakterli PUA-ların hərəkət istiqamətini dəyişmə qabiliyyətinə sahib olduğu iddia edilir. Sərgidə məlumat verilib ki, “Şqarş” Ermənistan Ordusunun silahlanmasına qəbul edilib və Qarabağda istifadə edolunur. Sərgidə o da vurğulanıb ki, Rusiyadan alınan “İnfauna” və R-325 radioelektron mübarizə vasitələri üzərində həyata keçirilmiş təkmilləşdirmələr nəticəsində adıçəkilən sistemlərin imkanları daha da yüksəldilib.

Sərgidə Ermənistanın stendində təqdim olunan 3K01M optik-elektron sistemin rəqibin 2.5 kilometr uzaqlıqda yerləşən optik və optik-elektron sistemlərini aşkar etdiyi bildirilib. 1.5 km-ə qədər yerləşən məsafədə güclü lazer yayıcıdan istifadə edildiyi üçün rəqibin texnikası ciddi şəkildə zədələnə bilir. 3K01M optik-elektron sistemi snayperlər üçün də xüsusi təhlükə hesab olunur. Nişan alarkən lazer şüası snayperin gözünə toxunarsa, ciddi xəsarət ala bilər.

Sərgidə nümayiş etdirilən “ARMİ-55M” PUA Rusiyanın X-55 pilotsuz uçuş aparatı əsasında yaradılıb. Yenilənmiş PUA GPS və radioqəbuledicilər vasitəsilə operatorla əlaqə yaradır, maneəli zonalarda daha operativ şəkilədə keçə bilir. Bildirilib ki, lazım gələrsə, PUA Fransa istehsalı olan keyfiyyətli görüntüləyici ilə təchiz oluna bilər. “ARMİ-55M” PUA-nın maksimal uçuş hündürlüyü 6 kilometr, sürəti 100−130 km/saatdır. Havada təxminən 4 saata qədər qala bilir. PUA 500 km-ə qədər məsafəni qət etmə qabiliyyətindədir. Operatorla maksimal rabitə uzaqlığı 100 kilometr təşkil edir.

ŞQARŞ maneəqoyma stansiyasının əsas bloku

2K02 elektro-optik müşahidə kompleksi