11/11/2017 22:29

Ermənistan Ordusunda iki hərbçi xidmət yoldaşları tərəfindən öldürülüb

İşğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan Ordusunun hərbi hissələrində daha iki əsgərin xidmət yoldaşları tərəfindən öldürülməsi faktı gizlədilib.

“AzeriDefence”nin məlumatına görə, hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının düşmən tərəfindən döyüş mövqeyində öldürüldüyü barədə yalan xəbər verilib.

Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun ifadələrindən məlum olub ki, hər iki hərbçi zirehli gödəkcədə olublar. Lakin baxış zamanı ölənlərin hər ikisinin zirehli gödəkcələrinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin düşmən tərəfindən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi bildirilir. Hər iki insidentlə bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində rəsmi açıqlamalara görə, Ermənistan Silahlı Qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölüb, 88 nəfər isə yaralanıb. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirirlər.