13/10/2017 14:45

Ermənistan Polşadan kamikadze PUA almaq istəyir

Ermənistan Polşadan “Warmate” kamikadze pilotsuz uçuş aparatlarını almaq istəyir.

Bu barədə “AzeriDefence” Kiyevdə keçirilən “Silah və Təhlükəsizlik-2017” beynəlxalq müdafiə sərgisində iştirak edən Polşa heyətindən məlumat əldə edib.

Kamikadze PUA-nın yaradıcısı və istehsalçısı olan “WB Electronics” şirkətinin nümayəndələrinin sözlərinə görə, bu günədək adıçəkilən PUA bir neçə ölkəyə ixrac olunub. Bu yaxınlarda Ukrayna Ordusu da “Warmate”ni sınaqdan keçirərək silahlanmaya qəbul edib. Ukraynada adıçəkilən kamikadze PUA “ÇeZaRa” Səhmdar Cəmiyyəti tərəfindən “Sokol” adı ilə istehsal olunacaq.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, son olaraq ötən ay MSPO sərgisində daha bir görüş olub. Onlar maraqlarını bir daha ifadə ediblər. İlk mərhələdə Ermənistan bəlli sayda kamikadze PUA-nı Polşadan idxal eləmək, yaxın iki-üç il içində seriyalı istehsalı Polşa şirkəti ilə birlikdə Ermənistanda qurmaq niyyətindədir.

Kompozit materiallardan hazırlanmış “Warmate”nin çəkisi 4 kq, qanad açıqlığı 1.4 metrdir. Elektrik mühərrikə malik PUA-nın maksimum sürəti 80 km/saat, havada qalma müddəti 30 dəqiqədir.

PUA 4 fərqli növdə – 1350 qram yüksək partlayış gücünə malik HEW (təsir sahəsi 50 kv.m), 530 qram BFW (təsir sahəsi 70 kv.m), 1100 qramlıq kumulyativ (CW – 100-120 mm homogeny zirehi dəlir), 530 qramlıq termobarik ІW (70 kv.metr sahədə 2000 dərəcə temperature yaradır) döyüş başlığı ilə təchiz oluna bilər.

“Warmate”nin döyüş başlıqları