30/03/2018 12:14

Ermənistan PUA-larla mübarizə aparmaq üçün Rusiyadan “Repellent” sistemi alıb

Ermənistan kiçik və orta ölçülü pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün Rusiya istehsalı olan “Repellent” sistemini istifadəyə qəbul edib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “razm.info” saytı məlumat yayıb.

Ermənsitan silahlı qüvvələrinin nümayəndəsi Yuri Davtyan bildirib ki, kompleks bir neçə aydır qoşunların silahlanmasında yer alır.

“Repellent” kompleksi PUA-ların aşkarlanması, onların idarəetmə və naviqasiya sistemlərinin maneələr tətbiqi ilə yatırılmasını həyata keçiirir. Nəticədə PUA idarəetməni itirərək ələ keçirilir.

Qeyd edək ki, “Repellent” radiotexniki kəşfiyyat stansiyası  200-6000 MHz tezliklərdə panaromik aşkarlama, pelenqləmə və 10 km radiusda maneələrin qoyulmasını həyata keçirə bilir. İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu sistem daha çox döyüş əməliyyatları zonasında düşmənin pilotsuz uçuş aparatları ilə mübarizə məqsədi ilə nəzərdə tutulur. Kompleks kiçik ölçülü PUA-ları siqnallar vasitəsi ilə 30 km radiusda aşkarlamağı bacarır.